İnanc cəmiyyətindən bilgi, bilgi cəmiyyətindən informasiya cəmiyyətinə keçid cahilin kökünü kəsdi. Yoxa çıxan cahil özüylə xeyli bəşəri özəllikləri də apardı.
Burada cahil dediyim şəxs hansısa ideologiyanın, dinin fanatı deyil, həyata emosioyalarla, ülvi duyğularla bağlanan, bu duyğulara xəyanət etməmək üçün həyatından keçməyə hazır olan, özüylə xoşbəxt ola bilən, arzularını imkanlarına görə tənzimləyən, ən əsası, insan olmağı təbiətin bir parçası olmaq kimi anlayan o safsadə məxluqdur.
İnformasiya cəmiyyətində belə bir məxluq yoxdur. Bu gün cahil dediyimiz şəxs öz cəhalətinin fövqündədir. Yəni cəhalət onu deyil, o, cəhaləti öz mənfəəti naminə kullanır. Bu gün cahil yoxdur, mənfəəti naminə özünü cahilliyə vurmuş şəxs və şəxslər var.
Mənim dediyim cahil, məsələn, aşiq idi. Sevgi hissinin cahili idi. Tarix səhnəsini tərk edərkən sevgi hissini də özüylə apardı. Onun yerini dərinliyi olmayan, ağrı fərarisi, özünü qondaran, məhrəmsiz, təməlsiz, anti-universal, sözlərlə deyil, rəqəmlərlə düşünən, arzuları sonsuz olduğu üçün heç vaxt razı qalmayan, ağlını zahirini bəzəyən kosmetik vasitə kimi üstündə gəzdirən postmodern bir ikiayaqlı aldı.
Bu ikiayaqlı postmodern məxluq insandan əmələgələn, amma insan olmayan bir canlıdır. Çünki tanıdığı və tapındığı yeganə dəyər özüdür. Onun sevgisinin və nifrətinin özündən başqa kimsəyə faydası yoxdur. O, bir kişini və ya qadını o halda sevə bilər ki, bu sevgi onu müqəddəsləşdirsin.
Mənim dediyim cahil sevdiyini müqəddəsləşdirirdi və o, Avropada XIX əsrin sonlarında öldü. Onun ölümü ilə Avropada doğuş sayı azalmağa başladı və nə qədər dövlət proqramları icra olunsa da, bir daha artmadı. Çünki bilgi çağı başlamışdı və bilgi sevginin cəhalətini ifşa etmişdi. Bilgi aşiqi öz cəhalətinin fövqünə qaldırmışdı. Bilgi köhnə dünyanı yeni dünyadan keçilməsi mümkünsüz bir uçurumla ayırmışdı.
Bu gün informasiya cəmiyyəti də bilgi cəmiyyətindən qopub. İnformasiya bilgi deyil, bilginin illuziyasıdır. Bu illuziya özünün neqativ xəbərləriylə hər gün insanı insanlıqdan uzaq durmağa çağırır. Bu çağırışın arxasında isə iqtisadi totalitarizm dayanıb.
Siyasi totalitarizm deyirdi ki, insan yoxdursa, problem də yoxdur, iqtisadi totalitarizm bu devzi belə redəktə edib: insanın yanında insan yoxdursa, problem də yoxdur. İnsanlar artıq bir-birilərinin yanında olmaq istəmirlər. Həyat monastırlaşıb.
Mənim dediyim rəhmətlik cahil həmişə insanın yanında olardı, insanla əylənər, insanla dərdini bolər, insanla vaxt keçirərdi.
İndi onun yerini insanı özünə rəqib görən eqoist bir bədbəxt tutub. Şair demiş:
hamı tək yemək istəyir
xoşbəxtliyin cəmdəyini.
itlər güdür zibillikdə
sərçələrin dimdiyin…
Aqşin Yenisey











