Bir neçə gün öncə tanınmış iqtisadçı alim, professor Qubad İbadoğlu Lənkəranda qızı Jalə Bayramovanın döyülməsi ilə bağlı öz Facebook səhifəsində açıqlama vermişdi.
Gununsesi.org bildirir ki, həmin zaman məsələ ictimailəşəndən sonra dövlət qurumlarından ard-arda açıqlamalar səsləndirilməyə başladı. İtisadçı alim DİN-in Facebookdakı sonuncu açıqlaması ilə razılaşmayaraq “cinayəti törədənlərin” cəzalandırlmasını istəyir. Həmin yazını sizə təqdim edirik:
“DİN mətbuat xidmətindən bildirilib ki, Lənkərandakı hadisə ilə bağlı hazırda saxlanılan yoxdur.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin hadisə ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsində Jalə Bayramovanın izahatı alınıb: “Jalə Bayramova fevralın 10-da Lənkəran Şəhər Polis Şöbəsinə dəvət olunub və şöbənin rəhbərliyi tərəfindən qəbul edilib. Bundan sonra xəsarətlərinin dərəcəsinin təyin olunması üçün ekspertiza müayinəsindən keçirilməsi təmin olunub. Hazırda araşdırma davam etdirilir. Tibbi ekspertizanın rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Bununla bağlı bildirmək istərdim ki, bu açıqlama ilə əvvəlki arasında fərq yoxdur, bu bir neçə gün əvvəl DİN Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun açıqlamasının təkrarıdır.
Lakin, hadisədən 1 həftəyə qədər vaxt ötdüyünü nəzərə alaraq, sonuncu açıqlama ilə bağlı aşağıdakı məsələlərə diqqətinizi çəkmək istərdim.
Birincisi, Jalə Lənkəranda polisin müəyyən etdiyi həkim tərəfindən tibbi ekspertizadan keçirilən zaman səthi yoxalamadan keçirilib, hətta vizual olaraq onun yanağındakı çırmaqlar, başındakı şişlər barədə məlumatla belə rəsmiləşdirilməyib. Odur ki, biz Jaləni Bakıda təkrar həkim müayinəsindən keçirmişik. Həkimlər ilkin müayinədən sonra müalicə kursu yazıblar.
İkincisi, bir daha qeyd etmək istərdim ki, Jalənin döyülməsi, boğulması, sürüdülməsi kadrları mövcuddur. Bu ona qarşı olan vəhşiliyi bütövlükdə əks etdirməsə də hadisənin iştirakçılarını, sifarişçilərini və icraçılarını müəyyənləşdirməyə imkan verir. DİN-in açıqlamasında qeyd olunur ki, araşdırma davam edir.
Üçüncüsü, nədən yalnız zərərçəkən Jalədən izahat alınıb, bu cinayətdə əli olanlar niyə dindirilməyib, onların izahatları barədə niyə məlumat verilmir.
Nəhayət, əgər indiyə qədər heç kim saxlanılmayıbsa və dindirilməyibsə deməli polisin də, yerli icra orqanlarının da bu işdə əli var, Kərimova Azadənin polislə və yerli hakimiyyətlə əlbir fəaliyyəti barədə məlumatlar daxil olmaqdadır. Hesab edirəm ki, DİN xüsusi istintaq qrupu yaratmalı və hadisənin bütün təfərrüatları, eləcə də Kərimova Azadənin polislə və yerli hakimiyyətlə əlaqələri, eləcə də Mübariz Əmirovun təşkilatçı kimi rolu da araşdırılmalıdır.
Yekun olaraq onu deyə bilərəm ki, belə getsə hətta bu işə görə Jaləyə və mənə də şər atıb, bizə qarşı da cinayət iş aça bilərlər. Hüquqların ayaq altında tapdandığı, qanuna tüpürldüyü ölkədə hər şey ola bilər”.

COMMENTS