Qaradərili deputat seçkilərdə iştirak edə bilməyəcək

Britaniyanın ilk qaradərili qadın deputatı Diane Abbottun qarşıdan gələn ümumi seçkilərdə iştirakına müxalifətdəki Leyboristlər Partiyası mane olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Abbott BBC-yə özü məlumat verib.

Məlumata görə, 1987-ci ildən Leyboristlər Partiyasının Hackney North və Stoke Newingtondan deputatı olan Abbott ötən il antisemitizm səbəbiylə vəzifəsindən uzaqlaşdırılıb.

Abbott partiyanın sol qanadındadır və keçmiş lider Ceremi Korbinə yaxınlığı ilə tanınır.

Bildirilib ki, Abbott iyulun 4-də keçiriləcək seçkilərdə partiyası tərəfindən deputatlığa namizədliyini irəli sürməyəcək.

Keçən il Observer qəzetinə yazdığı məktubda Diane Abbott yəhudilərin və irlandların qarşılaşdıqları irqçiliyin qaradərililərin yaşadığı irqçiliklə eyni olmadığını da yazmışdı. Londonda doğulmuş 70 yaşlı Abbott məktub dərc edildikdən sonra üzr istəsə də, partiyadan uzaqlaşdırılıb.

Bu arada, siyasi partiyalar iyulun 4-də İngiltərədə keçiriləcək ümumi seçkilərlə bağlı vədlərini açıqlamaqda davam edirlər.

Mühafizəkar Baş nazir Rishi Sunak İngiltərədəki bəzi universitet proqramlarını ləğv edəcəyini və bunun əvəzinə ildə 100 min şagird təhsili maliyyələşdirəcəyini deyib. Müxalifətdəki Leyboristlər Partiyası ölkənin milli səhiyyə sistemində (NHS) islahatlar aparacağına söz versə də, Liberal Demokrat Partiyası kənd təsərrüfatı büdcəsini 1 milyard funt-sterlinqə çatdıracağına söz verib.

İngiltərədə keçirilən ümumi seçkilərlə bağlı son sorğular müxalifətdəki Leyboristlər Partiyasının Mühafizəkarlar Partiyasını qabaqladığını göstərir.

Mərkəz sağçı Mühafizəkarlar Partiyası 2010-cu ildən ölkədə hakimiyyətdədir.

Qeyd edək ki, İngiltərə 2016-cı ildə keçirilən referendumla Avropa İttifaqından ayrılıb.

 

Gununsesi.info