
“Polşa hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinə Polşa silahlarından istifadə etməklə Rusiya ərazisindəki hədəflərə zərbələr endirməyə icazə verir”.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəis müavini Sezari Tomçik deyib:“Polşanın mövqeyi ondan ibarətdir ki, bununla bağlı heç bir məhdudiyyət olmamalıdır. Ukrayna aldığı texnika ilə mübarizə apara bilməlidir. Çünki o, bu avadanlığın effektiv olması üçün onu alır”.
O xatırladıb ki, Ukrayna Rusiyanın qəddar hücumuna məruz qalıb, ona görə də özünü müdafiə etmək hüququ var: “Biz də öz növbəmizdə bu işdə ona kömək etmək qərarına gələn bir ölkəyik. Hesab edirəm ki, Qərbin qalan müttəfiqləri də bu cür məhdudiyyətləri aradan qaldırmalıdır”.
Eyni zamanda mayın 28-də Fransa prezidenti Emmanuel Makron Ukraynanın Rusiya ərazisindəki hərbi bazalarına Qərb silahları ilə zərbələr endirməsinə icazə verməyə çağırıb. “Biz hesab edirik ki, biz Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri məhv etməyə icazə verməliyik, oradan raketlər atılır və Ukrayna ərazisi atəşə tutulur. Lakin onların Rusiyadakı başqa hədəflərə zərbə endirmək hüququ olmamalıdır”.
Mayın əvvəlində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Ukrayna Silahlı Qüvvələri özünümüdafiə çərçivəsində və Rusiyanın Ukrayna hədəflərinə hücumlarına cavab olaraq Britaniya silahları ilə Rusiya ərazisinə zərbələr endirə bilər.
“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ prezidenti Co Bayden də Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumlar üçün Amerikanın qısa mənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı düşünür.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hədəfləri vurmaq üçün artıq bir neçə dəfə Qərb silahlarından istifadə edib.
Qeyd edək ki, sonuncu dəfə Ukrayna ordusu tədarük edilən silahlardan Krasnodar vilayətində hücum zamanı istifadə edib.
Şəbnəm
Gununsesi.info