Qəzzada öldürülən İsrail əsgərlərinin sayı 75-ə çatıb

Oktyabrın 31-dən blokadada olan Qəzza zolağında baş verən qarşıdurmalarda həlak olan İsrail əsgərlərinin sayı 75-ə yüksəlib.

Gununsesi.info xəbər verir ki, İsrail ordusunun məlumatına görə, Fələstin anklavında gedən döyüşlər zamanı daha üç İsrail əsgəri həlak olub.

Məlumata görə, bundan əlavə Qəzzanın şimalında baş verən qarşıdurmalar zamanı daha bir əsgər ağır yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əqsa tufanı”əməliyyatına başladığını elan edib.

Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub. HƏMAS bu əməliyyatın işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücumu və israilli mühacirlər tərəfindən fələstinlilərə qarşı artan zorakılıqlara cavab olduğunu bildirib.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında onlarla döyüş təyyarəsindən istifadə etməklə HƏMAS-a qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib və bu, daha sonra Qəzza əhalisinin qətliamına çevrilib. Oktyabrın 27-də İsrail Qəzzada qurudan hərbi əməliyyata başlayıb.

İndiyədək İsrailin hücumları nəticəsində ölənlərin sayı 15 mini keçib. Ölənlərin ən azı 6150 uşaq və 4000 qadınlardır. Münqaişə zamanı 36 mindən çox fələstinli yaralanıb.

Qəzzanın 2,3 milyon sakini İsrailin havadan, qurudan və dənizdən kütləvi bombardmanları və eksklavın tam blokadası səbəbindən qida, su və dərman çatışmazlığından əziyyət çəkir.

Keçən aydan bəri İsrailin mühasirədə olan eksklava havadan və qurudan hücumları nəticəsində xəstəxanalar, məscidlər və kilsələr də daxil olmaqla minlərlə bina da zədələnib və ya tamamilə dağılıb.

İsraildə ölənlərin sayı 1200-ə yaxındır.

HƏMAS və İsrail arasında razılaşma çərçivəsində noyabrın 24-də səhər saat 08:00-da qüvvəyə minən Qəzzada “humanitar fasilə” dekabrın 1-i cümə səhəri sona çatıb.

“Humanitar fasilənin” başa çatması ilə İsrail Qəzza zolağına hücumları bərpa edib.

Gununsesi.info