Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının fəaliyyət planına uyğun olaraq “Qərbi Azərbaycanın tarixi abidələri: məktəblilərin gözü ilə” adlı layihə-müsabiqə həyata keçiriləcək.
Gununsesi.info xəbər verir ki, layihənin əsas tərəfdaşı və dəstəkçisi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub.
Bununla əlaqədar olaraq ölkənin müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi və infrastruktur layihələri, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı çərçivəsində şəhərsalma və memarlıq irsinin qorunması istiqamətində mühüm işlər görülür.
Layihənin məqsədi Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində – azərbaycanlıların əsrlər boyu yaratdığı zəngin tarixi-mədəni və memarlıq irsinin məktəblilər və gənclər arasında tanıdılması, bu irsin öyrənilməsi və ictimai yaddaşda yaşadılmasına töhfə verməkdir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimində çıxışı zamanı Qərbi Azərbaycanın xalqımızın tarixi torpaqları olduğunu vurğulayaraq, həmin ərazilərdə yaradılmış tarixi-mədəni irsin gənc nəslə çatdırılmasının vacibliyini xüsusi qeyd etmişdi. Dövlət başçısının həmin çıxışı bu gün Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərinin əsas ideoloji dayaqlarından biri hesab olunur.
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində həyata keçirilən layihənin əsas məqsədlərindən biri də Qərbi azərbaycanlıların öz doğma yurdlarına sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında qayıdış hüquqlarının təşviqi, eyni zamanda həmin ərazilərdəki tarixi və mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsidir.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası indiyədək ölkə daxilində və xaricdə müxtəlif sosial, humanitar və mədəni layihələr həyata keçirib. Yeni layihə çərçivəsində isə məktəblilər arasında Qərbi Azərbaycanın tarixi abidələri barədə məlumatlılığın artırılması, tarixi yaddaşın möhkəmləndirilməsi və yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Layihənin birinci mərhələsi bölgələrdə təşkil olunacaq və bu prosesə Qərbi Azərbaycan İcmasının rayon nümayəndəlikləri də cəlb ediləcək. Müsabiqə Azərbaycanın 13 bölgəsi üzrə ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında keçiriləcək.
Müsabiqə iki mərhələdən ibarət olacaq. Hər iki mərhələdə təqdim olunan işlər tanınmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Birinci mərhələdə seçilən ən uğurlu işlər final turuna vəsiqə qazanacaq.
Layihənin final mərhələsinin 2026-cı ilin dekabr ayında keçirilməsi planlaşdırılır. Finalda qalib işlərin təqdimatı və mükafatlandırılması mərasimi təşkil olunacaq. Eyni zamanda layihənin gedişi və nəticələri barədə ictimaiyyətə və kütləvi informasiya vasitələrinə mütəmadi məlumat veriləcək.












