Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son iki görüşü keçiriləcək.
Gununsesi.org-un məlumatına görə, “Bank Respublika Arena”da “Sabah” – “Sumqayıt”, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Zirə” qarşılaşmaları oynanılacaq. Bu komandalardan “Qarabağ” vaxtından əvvəl qış çempionluğunu təmin etmək üçün mübarizə aparacaqsa, qalanları 4-cü yerə yüksəlməyə can atacaq.
Hazırda 26 xalla 1-ci yerdə gedən ağdamlılar ötən gün “Neftçi”nin səfərdə “Keşlə”yə 1:2 hesablı məğlubiyyətindən sonra əlverişli fürsət yaxalayıblar. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Zaur Həşimovun rəhbərliyi altında qələbə sevinci yaşamayan “Zirə”ni yensə, xallarını 29-a yüksəldəcək. Bununla da “Qarabağ” ən yaxın izləyicisini 10 xal geridə qoyacaq.
İndiyədək iki komanda 17 dəfə qarşılaşıb. Bunların 13-də ağdamlılar qalib gəlibsə, 4 görüş heç-heçə ilə başa çatıb. Topların nisbəti də “Qarabağ”ın xeyinədir – 36:7. “Zirə” indiyədək rəqibinə qalib gəlməyib. “Qarabağ” isə son iki matçda üç qol vurub.
“Qartallar” səfər matçında xal itirsələr, 4-cü yerin yeni sahibi Masazırdakı görüşdən sonra müəyyənləşəcək. İlk oyun günündə səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə uduzan “Səbail”in bu gün 4-cü pilləni əldən verəcəyi dəqiqdir. “Sumqayıt” səfər matçında hətta heç-heçə edəcəyi təqdirdə, 12 xalla 4-cü pilləyə yiyələnəcək. Əks halda, həmin pillə xallarını 13-ə çatdıracaq “Sabah”a qismət ola bilər. Hazırda 10 xalla 6-cı pillədə gedən paytaxt klubu “gənclik şəhəri” təmsilçisinən 1 xal və 1 pillə geri qalır.
İndiyədək iki komanda 5 oyun keçirib. “Sabah” 1, “Sumqayıt” 3 qələbə qazanıb, 1 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “gənclik şəhəri” təmsilçisi öndədir. “Sumqayıt” üç matçdır uduzmur. “Sabah”ın ev oyunlarında hər iki komanda qol vurur.
Azərbaycan Premyer Liqası, XI tur
10 noyabr (bazar)
16:30. “Sabah” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bank Respublika Arena”
19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, ilk oyun günündə “Qəbələ” evdə “Səbail”i 3:0, “Keşlə” “Neftçi”ni 2:1 hesabı ilə yenib.
Gununsesi.org
COMMENTS