Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika qalır.
Gununsesi.org–un məlumatına görə, hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva “Turan”a bildirib ki, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: “Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.
1972-ci il təvəllüdlü Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.
2019-cu il oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisəni törədən sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev koma vəziyyətində, qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə sınıq, sol yarımkürədə çoxsaylı qansızmalar diaqnozu ilə “City Hospital”a köçürülüb, oktyabrın 30-u orada əməliyyat olunub.
Noyabrın 1-dən Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunub, noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-da həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb və noyabrın 20-də əməliyyat olunub. Neyrocərrahiyyə əməliyyatı zamanı xəstənin beynindən maye çəkilib, qalan mayenin çıxarılması üçün kateter taxılıb.
COMMENTS