Ölkənin idxalı sürətlə artır - XARİCDƏN GƏTİRİLƏN BU MƏHSULLAR ARTIB

Başımız Laçın yolunda davaya qarışıb, iqtisadi göstəricilərdən xəbərimiz yoxdur. Vəziyyət heç yaxşı deyil:

Bu ilin birinci yarısında ölkənin idxalı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.5 faiz artıb.

Rəqəm ifadəsi ilə yazsaq:
6 ayda xaricdən 8.189 milyard manatlıq mal almışıq, bu, ötən ildən təxminən 2.1 milyard manat çoxdur.

Nəyi daha çox almağa başlamışıq:
Ötən yarım illə müqayisədə mal əti idxalı 2.6 dəfə, siqaretlər 34,5 faiz, məişət soyuducuları 68,6 faiz, minik avtomobilləri 38,8 faiz, buğda 23,1 faiz, dərman vasitələri 5,5 faiz, unlu qənnadı məmulatları 5,1 faiz, şokolad və şokolad məhsulları 2,6 faiz artıb. Ölkədə kənd təsərrüfatının, xüsusən maldarlığın tənəzzülə uğramasının acı nəticəsi göz qabağındadır – ötən illə müqayisədə ölkəyə 2.6 dəfə daha çox ət gətirilib. Artıq ət dükanlarında, set marketlərdə satılan ətlərdən şübhələnmək lzımdır…

Başqa bir məqam:
Ölkədə rəsmi qeydə alınan 12.2 faizlik inflyasiyanın təxminən 10 faizə yaxını idxal mallarının bahalaşması hesabındadır. Yəni, gömrük rəsmiləşdirilməsinin artırılması istehlakçını baha qiymətlərlə yükləyib.

Əlbəttə, kəskin artan idxal tələbi qarşılamaq üçün çoxlu valyuta lazımdır. Ölkənin əsas gəlir qaynağı – neft hasilatı ötən illə müqayisədə 1 milyon tondan çox azalıb, şükür, dünya bazarında qiymətinin yüksək olması dollar tələbini qarşılayır. Bu tendensiya ölkəyə yaxşı heç nə vəd etmir, bir tərəfdən də qeyri-neft sektorunda əsas ticarət tərəfdaşlarımız olan Rusiya və Türkiyə valyutaları kəskin dəyərsizləşir.

Hökumət 50 milyarddan çox valyuta ehtiyatlarımız olduğunu deyir, amma bir tərəfdən də eşidirik ki, beynəlxalq maliyyə qurumlarından milyardlarla dollar borc almağa hazırlaşır.

Qısası, pis günlərimiz bitir, daha pis günlərə hazırlaşmaq lazımdır…

Elçin Rüstəmli
Gununsesi.info