
Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov il ərzində dünyada 10 milyondan çox erkən nikahın qeydə alındığını bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanda nikahla bağlı 18 yaşla bağlı istisna məsələsi gələcəkdə aradan qaldırılmalıdır.
Vüqar İskəndərov təklif edib ki, 18 yaşdan erkən nişanlanmanın qarşısının alınması qanunda nəzərdə tutulsun. Bu da erkən nikahların qarşısını almış olacaq.
Məsələ ilə bağlı insan haqları üzrə hüquq müdafiəçisi Novella Cəfəroğlu Gununsesi.info-ya açıqlamasında bu qanunun olduğunu lakin icra olunmadığını deyir:
“Əgər qanun işləsə hansısa yeni bir qanunun qəbul edilməsinə ehtiyac yoxdur. Bu qanunda gənc qızların 18 yaşına qədər ailə qurması və nişanlamasına icazə verilmir. Bu gün Təhsil Nazirliyi ilk öncə şagirdlərin sonuncu sinifədək təhsil almalarının mütləqliyi barədə qanun çıxartmalıdır. Bu qanun bütün şəhər, rayon hətta ucqar kəndlər üçün nəzərdə tutulmalıdır. Məktəbi bitirməmiş heç bir qız və ya oğlanın nişanlanmasına icazə verilməməlidir. Kimlər bu qanundan yayınarsa onlar müxtəlif üsullarla cəzalandırılmalıdır. Bəzən olur ki, qız uşaqlarını 3-cü sinifdən məktəbdən alırlar. Valideyn bu uşaqların təhsilinin sonadək bitirməsinə imkan vermir. Erkən nikahın ən böyük bəlası isə elə bundan başlayır. Təhsildən yayınmaq bütün faciələrin başlanğıcıdır”.
O, vurğulayır ki, peşə məktəblərinin fəaliyyəti də artmalıdır:”Ailə ilə birgə iş görmək lazımdır. Peşə məktəblərində qızlar üçün peşə xarakterli xüsusi məşğuliyyətlər təyin olunmalıdır. Əgər şagirdin təhsil alma qabilləyəti yoxdursa onları peşə məktəblərinə yönəldib yetişdirmək lazımdır”.
Hüquq müdafiəçisi qəbul olunan bu qanunun icra olunmamasının əsas səbəbini bələdiyyə, polis şöbələri, icra hakimiyyətinin tərkibində olan qurumların və vətəndaş nikahı ilə məşğul olanların bir-biri ilədə əlaqədə olmamasında görür. O, deyir ki, ailələr də daxil olmaqla bunların hər biri cavabdehdir və məsuliyyət daşıyırlar.
Novella Cəfəroğlu sonda onuda əlavə edir ki, bu təklifi irəli sürən deputat qəbul olunmuş qanunun icrasını tələb etsə daha yaxşı olardı:” Bu bütün Milli Məclisin deputatlarına aiddir. Bütün qanunların icrası ciddi şəkildə tələb olunmalıdır. Əmin olun ki, erkən və təhsilsiz ərə gedən qızlar qısa müddətdən sonra ər evlərindən atılırlar. Biz bunların dəfələrlə şahidi olmuşuq. Bir daha qeyd edirəm bu yeni qanun deyil lakin icra olunmur”.
Şəbnəm Rəhimova
Gununsesi.info