
İsrailin baş naziri Benyamin Netanyahu Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın ölkəni Hitler Almaniyası ilə müqayisəsini “qırmızı xətti” keçmək adlandırıb.
Gununsesi.info xəbər verir ki, hökumət başçısının bəyanatını onun ofisi yayıb.
Baş nazirin sözlərinə görə, Silvanın sözləri “utanc verici və qorxuludur”.
“Bu, Holokostu əhəmiyyətsizləşdirmək və yəhudi xalqına və İsrailin özünümüdafiə hüququna zərər verməyə çalışmaqdan ibarətdir”, – Netanyahu bildirib.
İsrailin xarici işlər naziri İsrael Katz Braziliya səfirinin Lula da Silvanın sözlərindən sonra etiraz etmək üçün İsrail Xarici İşlər Nazirliyinə çağırılacağını bildirib.
Katz da Silvanın sözlərini “rüsvayçı və sərt” adlandırıb.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzza zolağına təcavüzünü soyqırım adlandırıb və bunu Adolf Hitlerin hərəkətləri ilə müqayisə edib. Bu barədə Braziliyanın “Canal Gov” telekanalı məlumat yayıb.
“Qəzza zolağında və Fələstin xalqının başına gələnlərin tarixdə heç bir misli yoxdur. Daha doğrusu, bu, Hitler yəhudiləri öldürmək qərarına gələndə baş verib”, – siyasətçi Afrika İttifaqının Əddis-Əbəbədə keçirilən 37-ci sammiti zamanı deyib.
Da Silvanın sözlərinə görə, Qəzza zolağında baş verənlər “müharibə deyil, soyqırımdır”.
Gununsesi.info