Qazaxıstan parlamentinin Məclisi yanvarın 19-da keçirdiyi plenar iclasında ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Qazaxstan Xalq Assambleyasında və Təhlükəsizlik Şurasındakı ömürlük sədrliyinin ləğv olunmasını nəzərdə tutan qanun lahihəsini qəbul edib.
Bu barədə məlumatı deputat Kanat Nurov verib:
“İlk növbədə birinci prezidentin Qazaxıstan Xalq Assambleyasındakı və Təhlükəsizlik Şurasındakı ömürlük sədrliyini ləğv etmək idi. O bunu özü elan etmişdi və biz qərarı qəbul etdik. Sizin sadiq bəndəniz məclisin bu tarixi qərarının qəbul edilməsində iştirak etdi. “Qazaxıstan Respublikasının birinci prezidenti – Elbası”, “Qazaxıstan Xalq Assambleyası” və “Təhlükəsizlik Şurası” haqqında konstitusiya qanunlarına bütün zəruri düzəlişlər senata göndərilib”.
Şəxsiyyətinə yox, vəzifəsinə görə
Millət vəkili özünün Facebook səhifəsində yazır ki, düzəlişlərdən sonra Qazaxıstan Xalq Assambleyasının və Təhlükəsizlik Şurasının sədrliyi şəxsiyyətinə yox, vəzifəsinə görə hazırkı prezidentə verilir.
Parlament Məclisinin mətbuat xidməti bildirib ki, yanvarın 19-da sözü gedən düzəlişlər “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə birlikdə palata tərəfindən təsdiq olunub.
Yanvarın 5-də ölkədə davam edən kütləvi etirazların əsnasında prezident Kasım-Jomart Tokayev bəyan etmişdi ki, o qanunla ömürlük olaraq Nazarbayevə verilmiş Təhlükəsizlik Şurasının sədri səlahiyyətlərini öz üzərinə götürür.
Bununla eyni zamanda ölkədə Nazarbayevlə sıx əlaqəsi olan bir neçə şəxs vəzifələrindən kənarlaşdırılmışdı.