Naxçıvanda Aşurada 255 litr qan toplandı

Naxçıvan Muxtar Respublikasında Aşura günü qanvermə aksiyaları keçirilib.

Gununsesi.info xəbər verir ki, Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları ötən il olduğu kimi, bu il də pandemiya səbəbindən məscidlərdə deyil, səhiyyə müəssisələrində-Naxçıvan Muxtar Respublika Xəstəxanasında,  Diaqnostika-Müalicə Mərkəzində, rayon mərkəzi xəstəxanalarında, eləcə də Kəngərli rayonunun  Xok, Qarabağlar kənd  həkim ambulatoriyalarında, Culfa rayonundakı Bənəniyar, Babək rayonundakı Qahab, Zeynəddin kənd  həkim ambulatoriyalarında, Cəhri, Nehrəm qəsəbə sahə xəstəxanalarında təşkil olunub. Sosial məsafə gözlənilməklə sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, donorların və tibb işçiləri üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim briqadaları əvvəlcə donorlar üzərində koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün müayinələr aparıb, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb.  Sakinlər könüllü olaraq qanvermə aksiyasında iştirak ediblər.

Günorta saatlarınadək davam edən  aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasında 77 nəfərdən 38,5, Diaqnostika-Müalicə Mərkəzində 39 nəfərdən 19,5, Ordubad rayonunda 27 nəfərdən 13,5, Şərur rayonunda 54 nəfərdən 27, Sədərək rayonunda 30 nəfərdən 15, Şahbuz rayonunda 50 nəfərdən 25,  Kəngərli rayonunda 70 nəfərdən  35, Babək  rayonunda 93 nəfərdən 49,6, Culfa rayonunda 64 nəfərdən 32 litr qan götürülüb.

Bütövlükdə 504 nəfərdən götürülən 255,1 litr qan qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Qan Bankına təhvil verilib.

Gununsesi.info