Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün büdcəsi AÇIQLANDI

“Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün dövlət büdcəsinin xərcləri 614 milyon 652 min 500 manat müəyyən olunub. Bunun 132 milyon 222 min manatı Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri hesabına, 482 milyon 430 min 500 manatı isə Naxçıvana ayrılan dotasiya hesabına tənzimlənəcək”.

Gununsesi.info xəbər verir ki, bunu altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından sonra jurnalistlərə müsahibəsində Ali Məclisin deputatı Anar İbrahimov bildirib.

HTML tutorial

Ali Məclisin digər deputatı Ehtimad Məmmədov isə deyib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ona hədəflənib ki, muxtar respublika dotasiyadan asılı olmasın və mümkün qədər özü özünü maliyyələşdirsin.

Qeyd edək ki, sessiyada Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib. Fuad Nəcəfli çıxış edib və müvafiq tapşırıqlar verib.

13:42

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası başa çatıb.

APA-nın Naxçıvan müxbiri xəbər verir ki, iclasda gündəlikdə duran məsələlərə baxılıb.

Ali Məclisin sessiyasında 2023-cü ilin büdcəsi təsdiqlənib.

Sessiyada dotasiyadan asılılığın azaldılması istiqamətində də müzakirələr aparılıb.

Sonda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxıb edib.

12:45

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

APA xəbər verir ki, sessiyada 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat – Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etmirlər.

11:03

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

Gununsesi.info  xəbər verir ki, sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər.

09:24

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının iclası keçiriləcək.

“Unikal” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.

Saat 11:00-da başlayacaq sessiyada aşağıdakı məsələlər müzakirə olunacaq:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.

Qeyd edək ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Gununsesi.info