Tovuzun Dondar Quşçu kəndində yaşanan 10 yaşlı Nərmin Quliyevanın yandırılaraq öldürülməsi hadisəsi və baş verənələrlə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə daha çox yerli polisin fəaliyyəti tənqid olunur.
Gununsesi.org-un məlumatına görə, bir çox vətəndaşlar, eləcə də Tovuzdan olan sakinlər məsələni səbəbini daha çox polis məsuliyyətsizliyində və qeyri-peşəkarlığında görürlər. Hətta bir çox kəslər Nərminin dəhşətli şəkildə yandırılaraq ölüdürülməsini vaxtında addım atılmaması və cinayət-axtarış tədbirlərinə biganə yanaşılması ilə izah edirlər.
Tanınmış iqtisadçı alim, professor Qubad İbadoğlu da ictimai müzakirələrə səbəb olmuş bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub.
“Hətta azacıq peşəkarlıq göstərsəydilər belə, Nərminin həyatını xilas edə bilərdilər. 40 günə yaxın Nərmini girov saxlayan qatil qonşuluqda yaşayıb, nəzarətində boş ev olmasına baxmayaraq izlənilməyib, axtarış aparılmayıb. Hətta əksinə, qatil sərbəst şəkildə baş verənləri izləyib. Bu o deməkdir ki, hüquq-mühafizə orqanları işlərinin öhdəsindən gələ bilməyib. Nədən bütün qətl hadisələrinin üstü prezidentin nəzarətində olanda açılır? Görün, üstü açılmayan nə qədər qətllər var ki, nə prezident nəzarətindədir, nə də ki, ictimai diqqətdə? Hesab edirəm ki, Nərminin itkin düşmə hadisəsinin təhqiqatı ilə məşğul olan qeyri-professional və məsuliyyətsiz polis əməkdaşları da işlərindən kənarlaşdırılmaldır. Əks təqdirdə, gələcəkdə onların nəzarət etdiyi bölgədə belə hallardan başqaları da sığortalana bilməyəcək. Bütövlükdə isə bu hadisə göstərdi ki, hüquq mühafizə orqanlarında ciddi islahatlar aparılmalıdır. Yoxsa belə təhlükələr hər bir bölgədə, hər bir kənddə, hər bir ailədə hər kəsin övladı üçün ola bilər”.
Ciddi yanaşılsaydı…
Ölkə başçısı nəzarətə götürəndən sonra əməliyyat-istintaq tədbirləri gücləndirildi və bundan sonra cinayətkar tapıldı. Vaxtında bu iş araşdırılsa, kənddə sorğu-sual, faktlarla analiz etmə və kriminalistik peşəkar yanaşması olsaydı, iş bu qədər uzun sürməyəcəkdi. Hadisə də bu cür faciəvi sonluqla nəticələnməyəcəkdi. Nərmin sağ salamat tapılardı.
Qeyd edək ki, polis rəisi Əsgərovla bağlı dəfələrlə mətbuatda qanunsuz pul və rüşvət toplama, vətəndaşları incitmə ilə bağlı çoxsaylı xəbərlər yayılıb. Həmin xəbərlərdən bir neçəsi:
”Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki, rəisin evi tikilib qurtarsa, rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır”.
“S. Quluzadədən anası Nazilə Allahverdiyevaya məxsus torpaq sahəsinin üzərinə yazılan ərazidən kanal çəkilməsi üçün imkan yaratması xahiş edilib. S.Quluzadə özü o ərazidə kanal çəkib. Kanal çəkiləndən sonra polis rəisi sahə müvəkkili vasitəsilə ona şöbəyə gəlməli olduğunu deyib”
Elə Şirzad Əsgərovun bu cür bahalı villa tikdirməsi, bu şikayətlərə məhəl qoymaması rüşvətlə bağlı ittihamların əsaslı olmasına zəmin yaradır. Bir çox rayon sakini rəis Şirzad Əsgərovun özünü Rusiya prezidenti Vladimir Putinlə müqayisə etdiyini və bu səbəbdən özünə bu cür “Kremlin” adlanan bahalı villa tikdirdiyini də iddia edir. Bu da Gəncədə tikilən həmin “Kremlin”in fotoları:
Sakinlər və mətbuat işçiləri Gəncə şəhərində tikilən villanın 1 milyonluq qiyməti olduğunu qeyd edirlər.
Qeyd edək ki, Şirzad Əsgərovun rəis keçməsindən sonra rayonda bir çox cinayət – ölüm hallarının açılmadığını və ya bunun şübhəli şəkildə qapadıldığını da bildirənlər var. Görünür, bu hadisə rayon rəisinin peşəkarsızlığından və ya villa tikdirmək üçün başqa mətləblərinin olmasından xəbər verir. Şübhələr ortalıqdadır.
Artıq bu baş verənlər onu deməyə əsas verir ki, 50 gün ərzində tapılmayan 10 yaşlı Nərminin yandırılaraq öldürülməsində onun qatilini tapa bilməyən Tovuz rayon polis bölməsinin rəisi Şirzad Əsgərovu yaxın zamanlarda vəzifəsindən kənarlaşdıracaqlar.
Qeyd edək ki, Nərmin 46 gün sağ qalmışdı. Ancaq polis araşdırma tədbirlərinin peşəkar olmaması son 4 gündə körpənin qətli ilə nəticələndi.
COMMENTS