Qətərin paytaxtı Dohada 2022 Dünya Çempionatı hazırlıqları çərçivəsində inşa edilən metronun bir hissəsi istifadəyə verilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, metro şəbəkəsi tamamlandıqda 300 kilometr uzunluğunda və 100 stansiyadan ibarət olacaq. Qatarların içərisi isə göz qamaşdırır. 6 ildir inşası gedən metronun qırmızı xətti ötən ilin mayında istifadəyə verilib. 18 stansiyadan ibarət xətt ölkənin şərqindəki Əl-Kassar ilə cənubdakı Əl-Vakra bölgələrini birləşdirir. Layihə tamamlandıqda Qırmızı, Yaşıl və Qızılı xətlərdən ibarət olacaq. Metronun inşasının 2026-cı ildə tamamlanması nəzərdə tutulur.
İslam memarlığı əsasında hazırlanan stansiyalarda məscid belə var. Sürücüsüz çalışan vaqonlar və lokomativlərin xarici görünüşü isə ərəb atlarından ilhamlanaraq dizayn edilib. Lüks oturacaqlar isə texnoloji inkişafı ilə də diqqət çəkir.
Qətərin ən böyük infrastrukturu hesab edilən Doha metrosu Dünya Çempionatı üçün tikilən ilk metro xüsusiyyətini də özündə daşıyır. Belə ki, turistlər və futbol həvəskarları sürücüsüz qatarlarla 5 stadiona birbaşa gedə biləcəklər. Metro xətti həmçinin otellərə, şəhər mərkəzinə və hava limanına da çıxış imkanı verəcək.
Qeyd edək ki, Dünya Çempionatı 2022-ci ilin 21 noyabr və 18 dekabr tarixləri arasında Qətərdə keçiriləcək.








COMMENTS