Nəriman Nərimanov və “Nəcəfə məktub”- MAHİRƏ NAĞIQIZI YAZIR

Nəriman Nərimanov və “Nəcəfə məktub”

Yaşadığımız ilin əvvəllərində ölkə rəhbəri xalqımızın mədəniyyəti və mənəviyyatının formalaşmasında, ictimai şüurunun dərinləşməsində xidməti olmuş insanlarımızın xatirəsinə hörmətini bir daha ifadə etdi. “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 14 fevral tarixli Sərəncamı hamı tərəfindən yüksək qiymətləndirildi.
Nominal siyasi müstəqillik illərində, Nəriman Nərimanovun az qala yarım əsrlik müddətində dövlət ideologiyası üçün “arzuolunmaz şəxs” statusunda olduğu zamanlarda, ötən əsrin 70-ci illərinin əvvəllərində o zamankı Azərbaycanın siyasi rəhbəri, ümummilli lider Heydər Əliyevin yazıçı və publisist, görkəmli dövlət xadiminin siyasi reablitasiyası göstərdiyi səylər artıq tarixdir.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Nəriman Nərimanov və “Nəcəfə məktub” sərlövhəli məqaləsində yer alıb. Məqaləni oxuculara təqdim edirik.
Məlumatın genişliyi və içindən gələn yanğı və böyük Sovet İttifaqında getdikcə artan nüfuzu Ulu Öndərə imkan verdi ki, N. Nərimanovun özünün vaxtında, həm də ondan sonrakı dövrdə ona qarşı baş qaldırmış böhtan və uydurmaları puça çıxara bilsin. Əlbəttə, bunların arxasında ardıcıl və gərgin zəhmət, Moskvadakı ali partiya və dövlət adamlarını məntiqin gücü, faktlar ilə inandırmaq üçün Heydər Əliyev fonemeninin ortaya qoyduğu arqumentlər lazım gəlirdi. Nəhayət, bütün bu müqavimətləri, ciddi təzyiqləri aradan qaldıraraq anadan olmasından rəsmən iki il sonra, 1972-ci il iyunun 22-də N. Nərimanovun 100 illiyi təntənəli şəkildə keçirildi. Bakıda təntənəli yığıncaq keçirildi. N. Nərimanovun həyat və fəaliyyəti haqqında Heydər Əliyev məruzə etdi. Heydər Əliyev özünün məruzəsində onun Azərbaycan tarixində xidmətlərini, XX əsr ictimai fikir tarixinin görkəmli nümayəndəsi kimi rolu və mövqeyini elmi şəkildə əsaslandırdı, böhtan və iftiraları bir daha puça çıxardı. Bakının görkəmli yerində N. Nərimanovun əzəmətli abidəsi ucaldıldı.
Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 1979-cu ildə Ulyanovsk şəhərində də N.Nərimanovun böyük abidəsi ucaldıldı. Heydər Əliyev Ulyanovskda abidənin təntənəli açılışında çıxış etdi. Şəhərin böyük bir prospektinə Nərimanovun adı verildi.
Ümummilli Liderimizin Nəriman Nərimanovun anadan olmasının 100 illiyi münasibətilə tədbirdəki çıxışında “Azərbaycan xalqının görkəmli oğlu”- deyərək təqdim etdiyi Nərimanovla bağlı fikirləri az qala 50 il müddətində ölkənin ən ali tribunasından onun barəsində ilk dəfə deyilən xoş sözlər və ona verilən qiymət idi. Bu, Bakı şəhərində Nəriman Nərimanova möhtəşəm abidənin ucaldılmasından sonra Azərbaycandakı sovet hakimiyyəti tarixində atılan cəsarətli addımlardan biri idi. Həmin addımlar bir daha Heydər Əliyevinin masştablı və ardıcıl fəaliyyətinin real nəticəsi oldu.
O tarixi faktı yada salaq ki, Bakı şəhərində ilk qiraətxananın açılışı Nəriman Nərimanovun adı ilə bağlıdır. Bu şəhərin Nəriman Nərimanovun ədəbi taleyində müstəsna rol oynadığını qeyd etməklə yada salaq ki, onun böyük ədəbiyyata gəlişi, “Nadanlıq”ın yazılması da elə bu şəhərlə bağlı oldu. Yeri gəlmişkən, gənc yazıçının, gələcəyin siyasətçisi və dövlət xadiminin cəmiyyətin ümumi bəlasının kökünə gedib çıxan axtarışlarının yeganə cavabı da onun “Nadanlıq” pyesində verilirdi: Nəriman Nərimanov cəmiyyət üçün bütün fəlakətlərin mənbəyi olaraq onları görürdü- cəhalət və nadanlığı. Yazıçı ona da əmin olduğunu gizlətmirdi: həmin cəhalətin və nadanlığın fakt olaraq ortaya çıxması bilavasitə elmsiz, təhsilsizliklə bağlıdır. Nəriman Nərimanovun əsərlərində axtardığı sualların çeşidi və miqyası böyük idi, təbii ki, həmin sualların cavabını o, Azərbaycan ədəbiyyatında tarixi faciənin ilk nümunəsi olan “Nadir Şah” faciəsində tapdı. Sonralar, xalq üçün, onun xoşbəxt gələcəyi üçün həsr etdiyini fikirləşdiyi mənalı ömrünün bitməsinə az, cəmi iki ay qalmış vur-tut 6-ca yaşı olan yeganə oğluna ünvanladığı, əslində, gələcək nəsillərə üz tutduğu “Oğlum Nəcəfə məktub”unda cavab tapmadığı yeganə sualı verirdi: “1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır… Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan… Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm…”.
Bunları Nəriman Nərimanov ölümündən cəmi iki ay əvvəl yazırdı. Ömrünü yaşadığı cəmiyyətə və mənsub olduğu xalqa həsr edən, öz ölümünün nəfəsini, onun soyuqluğunu beş addımlığında hiss edən yazıçı “Nadanlıq”da ortaya qoyduğu, ictimai müzakirə tələb edən problemləri bir daha qabardır, “Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan doğan təzahürlər”dən şikayətlənirdi.
“Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən.
… Əziz oğlum! Əgər mənim həyatımı araşdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci ilədək başqaları üçün yaşamışam. Bəs sonra? Sonra belə də davam edəcək. Məhz belə ictimai fəaliyyətdə mən təskinlik tapıram, xüsusilə ona görə ki, hazırda Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir.
Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım. Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. Mən bolşeviklərin proqramını xüsusi inamla qəbul etmişəm, belə ki, mən bunda öz məramımın: dünyada köləliyin məhvinin həyata keçməsini görürdüm”.
Siyasi xadim Nəriman Nərimanov “Oğlum Nəcəfə məktub” kimi yazdığı vəsiyyətnaməsində 6 yaşlı Nəcəfə üz tutub gələcəyə səslənir, onlara, əslində, bərqərar olmasında özünün də bütün daxili inamı və həmin inamın verdiyi güclə iştirak etdiyi yeni qurulmuş hakimiyyət modelinin mahiyyətini açıb göstərir. Bu, siyasi baxışların cəmiyyət üçün təklif edərək həyata keçirdikləri yeni bir ictimai münasibətlər və həmin ictimai münasibətlərin formulasıdır. Artıq Nəriman Nərimanov bu formulanın nə qədər mürəkkəb kombinasiyalarla qurulmuş sadə bir illüziya piramidası olduğu qənaətində idi və artıq nəinki həmin piramidanın strukturunda vacib və əsas komponentlərdən olan xalq, habelə, onun başında dayananlar belə “xoşbəxt gələcəyin” əl çatmaz, ayaq dəyməz qədər uzaqlıqda olacağının fərqində idi. Əslində, hesab edirik ki, “Oğlum Nəcəfə məktub” siyasət aləminə girmiş və onun yüksəkliklərinə qədər qalxa bilsə də qəlbən “hakimiyyət” üçün kara gəlmədiyini etiraf edən yazıçı Nəriman Nərimanovun ədəbi janrın formalarına müraciət etmədən qələmə aldığı sənət nümunəsidir. Bu sənət nümunəsində o, həyatın mənasını şərtləndirən amillərin nədən ibarət olması barədə suallara cavab verməyi qarşısına məqsəd qoyur: “Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir. Buna görə də əgər sən kütləni müvəffəqiyyətə, aldatmadan, öz arxanca aparmağa hazır deyilsənsə yaxşısı budur, bu işdən imtina et… əgər kütlə (fəhlələr və kəndlilər) sənə qiymət qoyurlarsa, sənin hakimiyyət başında qalmağını labüd hesab edirlərsə, sənə inanırlarsa və bu inamla əlaqədar ümumi işə müəyyən mənfəət verəcəksənsə, onda imtina etmə. Əgər sən zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə kimsə məcbur edir, onda imtina et. Əks halda sən nəinki kütlənin, hətta öz qarşında da ləyaqətini itirərsən. Hər dəfə dərk edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən təyin etmişlər, onda sən daim vicdan əzabı çəkəcək, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz qarşında da itirəcəksən”.
Bu, tarixən insanların can atdığı, hətta özü, öz hissləri və şəxsiyyətininin hara qədər deqradasiyaya uğradığının və ya uğraya biləcəyinin belə fərqində olamyaraq ora, “xoşbəxtlik gətirəcək” məqsədə gedib çıxmış məqamda qəfil çıxan boşluğun yaratdığı depressiyanın təsviri deyil. “Məktub”un verdiyi qənaət belədir: “Öz mənliyini kütlə qarşısında deyil, habelə öz qarşısında itirmək” reallığının yaratdığı seçim məqamıdır: ya bu cür davam etməlisən, ya da səni gözləyən bütün mərhumiyyətlərin ağrı-acısını bilərəkdən Özünə qayıtmalısan. Belə bir olduqca çətin dilemma qarşısında dayanan insan üçün çıxış yolu var, necə deyərlər, tövbə qapısı həmişə açıqdır. Həmin qapının astanasındakı tərəddüdləri aşmaq üçünsə bircə an lazımdır: “Sənin dünyagörüşündəki sonrakı pozulma məhz buradan başlayacaqdır. Bu, ictimai xadimin həyatında ən qorxulu andır. Bütün bunlara o vaxt dözmək olar ki, sən sərbəst həyata hazır olasan. Bu nə deməkdir? Sənə aydın olmaq üçün mən öz həyatımdan misal gətirmək istəyirəm. Sən artıq bilirsən ki, mən 30 yaşında kamal attestatı imtahanı vermişəm ki, universitetə daxil olum. Lakin sonra mən hara daxil olum? – sualı qarşısında durdum. Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki, tezliklə universitet təhsili alım. Ona görə də elə fakültə seçmək lazım idi ki, az vaxt tələb etsin. Mənim qarşımda belə bir sual dururdu: hüquq fakültəsinə (o vaxtlar o asan fakültə hesab olunurdu) və ya təbiət fakültəsinə (burada 4 il oxumaq lazım idi). Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki, həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi. Digəri: Sənin nənən və mənim anam Həlimə ürəyi yumşaq, sadə qadın idi. O, ehtiyacda olanlara yardım edir, xəstə qonşulara qayğı göstərir, bir parça çörəyi onlarla bölürdü və s. Uşaq yaşlarından mən bütün bunları görürdüm və bunlar mənə təsir edirdi… Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olması və çətinliyinə baxmayaraq mən həmin fakültəyə daxil olmağı qərara aldım ki, ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı olmayıb daha artıq mənəvi zövq alım…”
Nəriman Nərimanov bunları, “Oğlum Nəcəfə məktub”u yazanda hələ ki, Rusiyada yaşannmış “qırmızı terror” 1922-ci ildə elan edilmiş, bolşevizmin işğalına uğramış “müstəqil” dövlətlərin “könüllülük əsasında” yaranmış ittifaqına, SSRİ-nin bütün bölgələrinə tətbiq edilməmişdi. Onda 1925-ci ilin yanvarı idi, Nəriman Nərimanovun müşahidə etdiyi, ancaq miqyasını təsəvvür belə etmədiyi Stalin repressiyalarının başlanmasına on il qalırdı və iliyinə qədər əqidə adamı olan kəs ağlına belə gətirə bilməzdi ki, xalq adından qurulmuş hakimiyyət nə qədər qanlı cinayətlərin müəllifi ola bilər. Üstəlik, MİK-in, İttifaq dövlətində icra hakimiyyətinin əsas fiqurlarından birinin, ruhən beynəlmiləçi olan Nəriman Nərimanovun “millətçi” damğası ilə yaddaşlara yazdırmaq istəyi də qətiyyən onun ağlına gəlməzdi, ona görə ki, ağlasığan perspektiv deyildi. O da perspektivdə deyildi ki, 20-ci illərin əvvəllərindən bolşeviklər partiyasının, sonralar Sovet İttifaqı Kommunist Partiyası olacaq qurumun rəhbərliyinə gələn İosif Stalin Azərbaycandan levon mirzoyanların, yaxud əliheydər qarayevlərin Mərkəzə ötürdükləri danosları “əsas götürərək” Nəriman Nərimanovu millətçilikdə ittiham edəcək və Stalinin həmin ittihamı əsrin yetmişinci illərinə qədər davam edəcək.
Bunlar, artıq, tarixdir və biz də Onun yaratdığı tarixə ekskurs etdik.

Gununsesi.org

COMMENTS