
Myanmada baş verən hərbi çevrilişdən sonra vitse-prezident Myint Sve müvəqqəti prezident təyin edilib.
“The Irrawaddy”nin fevralın 1-də verdiyi xəbərə görə, bununla belə ölkədə bütün dövlət hakmiyyəti hərbi qüvvələrin ali baş komandanı, general Min Aunq Hlaynaya keçib. Hərbçilər baş verənləri ölkə konstitusiyasının 418-ci maddəsiylə izah edib: əgər fövqəladə vəziyyət elan edilibsə, onda prezidentin səlahiyyətləri vitse-prezidentə keçir.
Myin Sve keçmiş generaldır. O, hərbçilərin başçılıq etdiyi, iqtidardakı Demokratiya Uğrunda Milli Liqa Partiyasını təmsil edir.
Myanmada dövlət çevrilişi baş verəndən sonra, hərbçilər bir il müddətinə fövqəladə vəziyyət elan ediblər. Onlar çevrilişi parlament seçkilərində səslərin saxtalaşdırılması ilə əlaqələndirirlər.
Dövlət çevrilişi nəticəsində Myanmanın prezidenti Vin Myin və faktiki hökumət başçısı hesab edilən dövlət müşaviri Aun San Su Çji saxlanılıblar.
Amerika Birləşmiş Ştatları, Avstraliya və digər Qərb ölkələri dövlət çevrilişi zamanı mülki liderlərin saxlanmasına görə narahatlıqlarını ifadə ediblər.
KİV-in məlumatına görə, son dövrlərdə hökumətlə ordu liderləri arasında gərginlik artmışdı. Ordu ötən ilin noyabr ayında keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edirdi.
Aun San Su Çji 2015-ci ildə hakimiyyətə gələndən sonra da, ordu ölkədə siyasi və iqtisadi nüfuzunu saxlamışdı. Nobel Sülh mükafatı laureatı olan Çjinin beynəlxalq mövqeyi isə hakimiyyətə gələndən sonra xeyli sarsılmışdı. Buna səbəb 2017-ci ildə qərbi Rohn vilayətindən yüz minlərlə Rohinya müsəlmanının qovulması, minlərlə insanın ordu tərəfindən qətlə yetirilməsi olmuşdu.