
Rusiyada bazar günü ölkənin müxtəlif bölgələri və şəhərlərində yanvarın 17-dən həbsdə saxlanılan müxalifət lideri Aleksey Navalnının müdafiəsi məqsədilə kütləvi etiraz aksiyaları keçirilib.
Gununsesi.info xəbər verir ki, yanvarın 31-də keçirilən aksiyalara Rusiyanın şərq bölgələrindən start verilib.
Navalnın həbsinə etiraz olaraq Rusiyada kütləvi etiraz aksiyalarının ilk dalğası yanvarın 23-də başlayıb.
Hüquq-müdafiə layihəsi əsasında fəaliyət göstərən OVD-Info nəşrinin məlumatına görə, etiraz aksiyalarının polis tərəfindən dağıdılması zamanı həbs olunmuş iştirakçıların sayına görə yanvarın 31-də rekord vurulub – 4567 nəfər saxlanılıb.
Bir həftə əvvəl, yanvarın 23-də saxlanılanların ümumi sayı 3980 nəfər olub.
Yanvarın 31-də paytaxt Moskva üzrə saxlanılmış etirazçıların sayı da rekord səviyyədə olub – 1450 nəfər.
Moskvada polis tərəfindən saxlanılanların arasında Aleksey Navalnının xanımı Yuliya Navalnaya da olub. Onun vəkili Svetlana Davıdovanın sözlərinə görə, polis bölməsində bir neçə saat saxlandıqdan sonra Yuliya Navalnaya evə buraxılıb.

Navalnının müdafiəsi məqsədilə etiraz aksiyalarının keçirilməsinə Rusiya rəsmilərindən icazə alınmayıb.
Bir gün əvvəl Rusiya güc strukturları ölkə boyu Aleksey Navalnının qərargahının əməkdaşları və digər fəallara qarşı qabaqlayıcı tədbirlər çərçivəsində həbslər və axtarışlar keçirib.

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Rusiya paytaxtı Moskvanın mərkəzində “polisin xüsusi sərəncamınadək” piyadaların hərəkətinə məhdudiyyətlər qoyulub, metropoliteninin yeddi stansiyası və bir çox dükanlar bağlanıb, maşınların parklanmasına qadağa qoyulub.
Sosial media kanallarında yayılan məlumatlara əsasən, Moskvada və etiraz aksiyaları keçirilən Rusiyanın digər şəhərlərində aksiya iştirakçılarına qarşı polis qüvvələri güc tətbiq edib, yüzlərlə insan saxlanılıb.
Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan kimi həbs olunub. O, ötən ilin avqustunda Sibirdə zəhərlənmədən sonra Berlində müalicə olunurdu. Onun “Noviçok” sinir-iflic maddəsi ilə zəhərləndiyi təsdiqlənib. Müxalifətçi zəhərlənməsində birbaşa Prezident Vladimir Putini ittiham edib. Kreml ittihamları rədd edir.