
Son iki gündə Ermənistandan Rusiyaya təyyarə ilə getmək istəyənlərin işi müşkülə düşüb. Belə ki, biletlərin qiyməti fantastik dərəcədə bahalaşıb. Nəticədə müharibədən sonra iqtisadi durumları daha da bərbad hala düşən yoxsul təbəqə aviakassalardan əliboş evlərinə dönür.
Gununsesi.info Ermənistan mediasına istinadla xəbər verir ki, əvvəllər 80 min drama (262 manat) rahatlıqla Rusiyaya işləməyə gedən və ya ölkəni birdəfəlik tərk etmək istəyənlər indi 120 min dramlarından (təxminən 380 manat) keçməlidirlər ki, bu da onların büdcəsi üçün əlçatmaz hesab olunur.
Hətta bəzi aviaşirkətlərin qiymətləri 3-4 dəfə bahalaşdırdığı vurğulanır. Məlumatlara görə, İrəvan-Moskva-İrəvan ikitərəfli reysinin əvvəl 120 min dram təşkil etdiyi halda, hazırda ən ucuz “ekonom sinif” aviabiletin dəyəri 410 min dramdır. Bu da təxminən 780 ABŞ dolları edir.
Yayılan xəbərlərə görə, ucuz yerlərin hamısı elə ilk dəqiqələrdə alındığından digər vətəndaşlar bilet problemi yaşayıblar. Aviaşirkətlər qeyd edirlər ki, son 10 gün ərzində 400 minə yaxın insan Rusiyaya getmək üçün müraciət etsə də, onlardan yalnız 1500-ü nisbətən ucuz qiymətə bilet tapa bilib.
Yerli ekspertlər hesab edir ki, biletlərin bahalaşmasının əsas səbəblərindən biri də əhalinin Rusiyaya axınının qarşısını almaqdır.
Qeyd olunur ki, 1 fevral tarixinə 4 uçuş nəzərdə tutulsa da, bir çox yerlər biletlərin bahalı olması səbəbindən boşdur.
Gununsesi.info