
Fransanın paytaxtı Paris yaxınlığındakı binada 5 nəfərin cəsədinin tapıldığı bildirilib.
Gununsesi.info bildirir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Haiti əsilli qadın və 4 uşağının cəsədi dünən gecə Parisdən 41 kilometr uzaqlıqdakı Meaux şəhərində bir binada tapılıb.
Meaux Prokurorluğu hadisə ilə bağlı yaydığı press-relizdə evə məcburi giriş əlamətinin olmadığını və 33 yaşlı atanın axtarışda olduğunu bildirib. Həyatını itirənlərdən birinin 8 aylıq körpə, digər uşaqların isə 2, 4 və 7 yaşlarında olduğu bildirilib.
Prokurorluq hadisə ilə bağlı cinayət işi açıb.
BFMTV-də yayılan xəbərlərə görə, mərhum qadının qonşuluqdakı Milad şənliyinə gəlmədiyini görən qonşusu qadına telefonla zəng edib. Qadın zənglərə cavab vermədikdən sonra qonşusu hadisənin baş verdiyi binaya gedərək Haitili ailənin qapısını döysə də, cavab almayıb. Bir müddət sonra qonşunun oğlu da haitili ailənin qapısına gedib. Ata qapını döyən şəxsə cavab verib və bildirib ki, evdə hamı yatıb.
Hadisə baş verən axşam saatlarında binanın dəhlizlərində qan izləri tapan qonşusu bu barədə polisə məlumat verib. Polis tərəfindən axtarışa verilən atanın psixoloji problemlərinin olduğu və əvvəllər də həyat yoldaşına qarşı zorakılıq etdiyi bildirilib.
Gununsesi.info