Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun polislər tərəfindən saxlanılaraq döyülməsi haqda yayılan məlumatlara münasibət bildirib.
Gununsesi.org–un məlumatına görə, nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, M.Hüseynov ictimai asayişi pozduğu üçün saxlanılıb:
“O, dekabrın 27-si saat 22:00-dan sonra bir qrup şəxslə birlikdə şəhərin mərkəzində, əhalinin sıx olduğu Fəvvarələr meydanında ictimai asayişi pozmağa yönəlik hərəkətlər edib. Onlar məhkəmənin qanuni qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən repçi Pərviz Quluzadənin həbsdən azad edilməsi tələbi ilə ictimai asayişi və əhalinin istirahət hüququnu pozublar.
Bu zaman ərazidə xidmət edən polis əməkdaşlarının ictimai asayişi qorumaqla bağlı qanuni tələblərinə tabe olmayıblar. Buna görə də polis əməkdaşları Mehman Hüseynovu əhalinin sıx toplaşdığı ərazidən uzaqlaşdırmağa məcbur olublar. Mehman Hüseynova qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq olmayıb. Sadəcə, Mehman Hüseynov öz istəyinə nail ola bilmədiyi üçün belə uydurma fikirlər irəli sürür.
Əgər Mehman Hüseynov polis onu ərazidən uzaqlaşdırdıqdan sonra kimlərsə tərəfindən döyülübsə, ərazi üzrə polis orqanlarına müraciət etsin. Araşdırma aparılıb onun həqiqətən döyülüb-döyülmədiyi, kimlər tərəfindən döyüldüyü müəyyən olunacaq. Mehman Hüseynovun polisin onu döyməsi barədə dedikləri yalandır, bunlar polisə atılan böhtandır”.
Qeyd edək ki, M.Hüseynov və bir neçə aktivist həbs edilən reper Pərviz Quluzadənin (Paster) azad olunması üçün şüarlar yazılan plakatlar qaldırıblar.
Mehman Hüseynov bildirib ki, onu xüsusi amansızlıqla döyüblər:
“Polis əməkdaşları məni döyə-döyə polis avtomobilinə mindirərək şəhərdən kənarda çöllüyə apardılar. Onlar köynəyimi zorla başıma keçirdilər ki, hara aparıldığımı görməyim. Məni çöllükdə avtomobildən düşürdülər. Onlar məni döyürdülər, nalayiq hərəkətlər edirdilər. Deyirdilər ki, səni bir də şəhərin mərkəzində görməyək. Sən təşkilatçısan, plakatlar haradadır. Məni palçığın içərisinə uzatmaq istədilər. Məni yerə yıxmışdılar. Altı nəfər üzərimdə oturmuşdu və döyürdülər. Sonra çöllükdə atıb getdilər,” o qeyd edib.
Bloger gecə qaranlığında avtomobil yoluna çıxıb və telefonla dostları ilə əlaqə saxlayıb. Dostları onu xəstəxanaya çatdırıb.
Hüseynov xəstəxanada müayindədn keçib, polisin hərəkətindən şikayət edəcəyini bildirib.
COMMENTS