Mahmud Nəbiyevin məhv etdiyi yüzlərlə ailədən birinin dramı…

  • By arzu
  • 15 Dekabr 2022 15:15

Məhkəmə-hüquq sisteminin mövcud vəziyyətə salınmasında müstəsna xidmətlərindən biri olan Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev haqqında sosial mediada birmənalı fikir yazılmadı. Məhkəmə sədrinin ölümü ilə bağlı daha çox onun keçmişdəki fəaliyyəti xatırlanaraqsərt tənqidlər ifadə olundu.

Belə faktlardan biri də Gununsesi.info-nun araşdırması zamanı üzə çıxıb.

HTML tutorial

“Əslində, uzun illər, hətta 20-30 il insanların qanını içən, neçə-neçə ailənin faciəsinə səbəb olan vəzifə sahiblərinə qarşı hakimiyyətin birdən-birə göstərdiyi sərt mövqe “daldan atılan daş topuğa dəyər”, misalını xatırladır. Nə yazıq ki, bəzən də əcəl yeli atılan daşın heç topuqlarına dəyməyinə də macal vermir “bəxtəvərlərin”. Lap elə bu yaxınlarda dünyasını dəyişən Mahmud Nəbiyev kimi. Fikrimi konkret olaraq bir ailə dramı ilə davam edəcəm. Çox da uzaq tarix deyil.

Sumqayıtda 27 il bank müdiri işləmiş (1971-1998-ci illər) rəhmətlik Vaqif Məmmədov iti yaddaşı, işinə son dərəcə vicdanlı, dürüst və peşəkar davranışı ilə bank sistemində tanınan isim olub. Ailəsi ilə birlikdə (dörd övladı ilə) 1973-cü ildən 2000-ci ilə kimi beşmərtəbəli binadakı mənzillərində yaşayıblar. Təsəvvür edin, 27 il bank müdiri olan biri villada yox, növbəylə dövlət tərəfindən ayrılan, sovet insanı üçün əlçatan olan bina evində yaşayıb. Moskva bu, “balacaboy” kişinin iş təcrübəsini digər respublikaların bank müdirlərinə nümunə göstərib, peşəkarlığı müxtəlif orden və medallar, tərifnamələrlə qiymətləndirib. Başqa respublikalarda nağd pul çatışmayanda Vaqif müəllim şəxsi nüfuz və əlaqələrindən istifadə edərək bankın nağd pul fondunu boş qoymayıb. Bu isə Sumqayıtda çalışan işçilərin maaşlarında problemin olmaması demək idi…

Və günlərin bir günü Sumqayıta yeni prokuror təyin olunur. Sumqayıtın “zirək”, daha doğrusu millətin malını dədə malı kimi istifadə edən idarə müdirləri tələsik bu “qanun bəkçisinin” bığının altından keçmək üçün növbəyə dururlar. Ömrü boyu evinə haram tikə gətirməyən, bu üzdən, hamının yanında alnıaçıq olan Vaqif müəllim isə tanışlarının, hətta həmkarlarının onu dəfələrlə “uyarmalarına” baxmayaraq həmişəki rejimində, öz işində-gücündə olur.

Nəhayət, təzim üçün qapısına getmədiyi prokuror Mahmud Nəbiyev “qanuni qoçularnıı” bu “yükəxana” bank müdirinin otağına göndərir. Gələnlər kəsəcə olaraq, ağalarının tələbini açıqlayırlar: Qısa müddətdə 200.000 dolları çatdırmalısan. Əsas vasitəçi də ağasını “krokadil” adlandıran prokurorluğun Elxan adlı müstəntiqi olur. Vaqif müəllim təbii ki, bu “təklifi” qətiyyətlə rədd edir. Həmin dövrdə mərhum prezident Heydər Əliyev qanunsuz yoxlamaların yığışdırılmasıyla bağlı ciddi göstəriş verir. Bu xəbəri eşidən idarə rəhbərləri Vaqif müəllimə zarafatla deyirmişlər ki; “A kişi, sən seyid, peyğəmbər övladısan. Vallah, daha sənə ilişməz Mahmud “.

Mahmud Nəbiyev isə açıqca deyib ki, mən prezidentin göstərişindən əvvəl başlamışam bankdakı “qanunsuzluqları” aşkar etməyə. O dirəndikcə Vaqif müəllim daha etinasız şəkildə işinə davam edir. Artıq prokurorla münasibət quran bəzi səlahiyyət sahibləri Vaqif müəllimin o vəsaiti verəcək durumu olmadığını, həmişə təmiz işlədiyini desələr də, faydası olmur. Hətta o dövrdə MTN-nin Sumqayıt şöbəsinin sədri Malik müəllim (təəssüf ki, rəhmətliyin soyadını xatırlamıram), İcrayə Komitəsinin sədri Təvəkkül Məmmədov belə prokurora Vaqif müəllimdən əl çəkməsi üçün “minnət” edirlər. Prokurorun reaksiyası isə belə olur: “Əşşi, bu talışı niyə bu qədər müdafiə edirsiniz? Nə görmüsünüz bunda?” …Sonda illərlə öz halal zəhmətilə ailəsini dolandıran, kimsənin haqqına girməyən, ömür boyu haqqın yanında olan Vaqif müəllim evini, Saraydakı mütəvazi bağ evini, hətta SSRİ-nin Sənaye Tikinti Bankının sədri Dubinitskiyin nümunəvi işçi kimi şəxsinə hədiyyə etdiyi avtomobil, bir sözlə evində bulunan hər şeyi satır, dost-tanışdan borc götürür və “krakodilin” ağzına atır…

Və beləcə, ailənin başda qeyd etdiyim acı dramı başlayır. Vaqif müəllim ağır ürək çatışmazlından, haqsız hücumlara məruz qalan ömür-gün yoldaşının nisgilinə dözməyən xanımı isə beyin xərçəngindən dünyasını dəyişir. Övladları başlarını götürüb Vətəndən gedirlər… Qeyd: Mahmud Nəbiyevin oğlu Yusif Nəbiyev təxminən 2008 ci ildə Appelyasiya Məhkəməsində katib olub. Hər halda, indi daha ciddi vəzifədədir.

Onu yaxından tanıyan bir nəfər dedi ki, atasına oxşamır, yaxşı oğlandı…

P.S. Deyilənə görə “krokodilin” himayədarı Naxçıvan xanı olub. Görünür, yaxınlaşan fəlakətin həyəcanını qaldırmayıb ürəyi. Yoxsa, 65 yaş nədir ki, Azərbaycan üçün…

P.P.S. Bu gün də onu tanıyan hər kəs tərəfindən rəhmətlə xatırlanan Vaqif müəllim də 65, yaşında dünyasını dəyişib… Mahmud Nəbiyevin məhv etdiyi yüzlərlə ailədən birinin dramı… Əslində, uzun illər, hətta 20-30 il insanların qanını içən, neçə-neçə ailənin faciəsinə səbəb olan vəzifə sahiblərinə qarşı hakimiyyətin birdən-birə göstərdiyi sərt mövqe “daldan atılan daş topuğa dəyər”, misalını xatırladır.

Nə yazıq ki, bəzən də əcəl yeli atılan daşın heç topuqlarına dəyməyinə də macal vermir “bəxtəvərlərin”.

 

 

Arzu Sayadoğlu

Gununsesi.info