
Macarıstan və Slovakiya Avropa İttifaqı (Aİ) Komissiyasının Ukraynanın taxıl və digər ərzaq məhsullarının Aİ ölkələrinə ixracına tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri uzatmamaq qərarı ilə əlaqədar olaraq öz qadağalarını tətbiq etdiklərini elan ediblər.
Gununsesi.info xəbər verir ki, Aİ Komissiyasının Ukraynadan Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının idxalına məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməməsi ilə bağlı qərarı ilə əlaqədar Macarıstan və Slovakiya hökumətləri bəyanat yayıb.
Macarıstan və Slovakiya Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalına öz qadağalarını tətbiq edəcəklərini açıqlayıblar.
Sentyabrın 16-da Macarıstanın Baş Naziri Viktor Orban X sosial media səhifəsində Aİ Komissiyasının qərarına istinad edərək qeyd edib ki, “Brüsseldəki bürokratlar bir daha avropalı fermerlərin problemlərinə məhəl qoymurlar” və Macarıstan, Polşa və Slovakiyanın Ukraynadan idxal qadağasını milli səviyyədə uzadıb.
“Məsələləri öz əlimizə götürməyin vaxtıdır. Afrikaya göndərilən Ukrayna kənd təsərrüfatı məhsulları Mərkəzi Avropa bazarlarını doldurur”, – deyə Orban qeyd edib.
Macarıstan hökuməti öz növbəsində Facebook sosial şəbəkəsində Ukraynadan taxıl, kolza və günəbaxan tumu, bəzi ət məhsulları, bal və yumurta daxil olmaqla 24 məhsulun idxalına qadağa qoyulduğunu elan edib.
Slovakiya hökuməti açıqlamasında buğda, qarğıdalı, kolza və günəbaxan toxumu da daxil olmaqla, Ukraynadan 4 məhsulun idxalının qadağan edildiyini bildirib.
Slovakiyanın Baş naziri Ludovit Odor Facebook paylaşımında qeyd edib ki, bu qərar “fermerlərə ədalətli olmaq və Slovakiya bazarına təzyiqin qarşısını almaq” üçün verilib.
Qeyd edək ki, Aİ Komissiyasının sentyabrın 15-də dərc etdiyi bəyanatda xatırladılır ki, Ukraynanın Aİ-yə taxıl və digər ərzaq məhsulları ixracına tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər sentyabrın 15-də başa çatır.
“Aİ Komissiyası Ukraynanın təsirli tədbirləri tam qüvvədə olduğu müddətdə hər hansı məhdudiyyət tətbiq etməkdən çəkinəcək”, – bəyanatda deyilir.
Beləliklə, Aİ-nin Ukrayna taxılını Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstana idxal etməmək qərarının müddəti başa çatıb.
Xüsusən də Polşa və Macarıstan öz fermerlərinin maraqlarını qorumaq üçün Ukrayna taxılına qoyulan məhdudiyyəti uzatmaq istəyiblər.
Polşa, Macarıstan, Slovakiya və Rumıniya Aİ-nin qərar vermədiyi təqdirdə məhdudiyyətləri birtərəfli qaydada uzadacaqlarını açıqlayıb.
Sentyabrın 15-də Aİ Komissiyasının qərarını elan etdikdən sonra Polşanın Kənd Təsərrüfatı naziri Robert Telus deyib: “Əgər Komissiya Ukrayna taxılına qoyulan qadağanı uzatmasa, biz bunu özümüz edəcəyik”.
Səid Əhmədli
Gununsesi.info