
Mərakeşdə HƏMAS-ın liderlərindən biri Saleh əl-Arurinin Livanda İsrail tərəfindən öldürülməsinə etiraz olaraq mitinq keçirilib.
Gununsesi.info xəbər verir ki, Rabatda parlament binası qarşısına toplaşan onlarla mərakeşli İsrail əleyhinə şüarlar səsləndirib.
Nümayişçilər İsrailin Qəzza zolağına hücumlarına son qoyulmasını tələb edib, həmçinin ABŞ və Qərb ölkələrini İsrailə dəstəyi dayandırmağa çağırıblar.
Mərakeş sakinləri Aruri və onunla birlikdə öldürülən Həmas üzvlərinə dəstək şüarları səsləndirib, həmçinin İsrail bayrağını yandırıblar.
Bundan əvvəl İsrail Ordusu Radiosu adı açıqlanmayan “xarici mənbələrə” istinadən xəbər vermişdi ki, əl-Aruri Həmas-ın Beyrutdakı ofisinə pilotsuz təyyarənin hücumu nəticəsində öldürülüb.
Bu arada Livanın NNA xəbər agentliyi hücumda HƏMAS liderlərindən biri əl-Aruri də daxil olmaqla 7 nəfərin həlak olduğunu bildirib.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Aruri 1966-cı il avqustun 19-da Ramallahda anadan olub.
Əl-Arouri İzzəddin əl-Qəssam briqadalarının yaradılmasında yaxından iştirak edib. 15 il İsrail həbsxanalarında qaldıqdan sonra deportasiya edilib, sonra Livanda yaşamağa başlayıb.
O, 2011-ci il oktyabrın 11-də HƏMAS-ın İsraillə bağladığı, 1 İsrail əsgəri müqabilində 1027 fələstinli məhbusun azad edilməsinə dair danışıqlar prosesinin iştirakçıları arasında olub.
Gununsesi.info