
2001-ci ildən 2018-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətində çalışmış, son 8 ildə isə bu qurumda Aparat rəhbəri olmuş Rasim Quliyev Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında tarixi-mədəniyyət abidəsi kimi qorunan binanın söküntüsü və orada hündürmərtəbəli yaşayış binasının tikintisinə qanunsuz icazə vermək ittihamıyla həbsdədir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Avqustun 30-da hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmədə Rasim Quliyev ifadə verib. O bildirib ki, ittiham üzrə özünü qətiyyən təqsirli bilmir. Çünki sözügedən sərəncamı 2018-ci ilin mayında icra başçısının müavini səlahiyyətlərini icra edən şəxs qismində imzalasa da, həmin vaxt onun bu səlahiyyətləri olmayıb. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbov 2017-ci ilin sentyabrında müavin vəzifəsinin səlahiyyətlərini icra etmək ixtiyarı verəndə bu məsələni Prezident Administrasiyasıyla razılaşdırmayıb. 2018-ci ilin aprelində Hacıbala Abutalıbov icra başçısı vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin ediləndən sonra Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyev müavin məsələsinə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə etiraz məktubu göndərib. Orada qeyd edib ki, Rasim Quliyev müavin səlahiyyətlərini icra edə bilməz. Çünki onun təyinatı üçün Prezident Administrasiyasının razılığı alınmayıb: “Mənim müavin təyin olunmağım Bakı şəhər İcra Hakimiyyəti başçısının yox, cənab prezidentin səlahiyyətindədir. Ramiz Mehdiyevin məktubundan sonra mən həmin vaxt Baş nazirin müavini olan Hacıbala Abutalıbova ərizə yazdım. Sonra Hacıbala Abutalıbov özü Ramiz Mehdiyevə məktub yazıb, yol verdiyi səhvə görə üzrxahlıq etdi. Bundan sonra Hacıbala Abutalıbov mənə bu işi icra edə biləcəyimi şifahi şəkildə bildirdi, amma mən bunu qəbul etmədim”.
Rasim Quliyev deyir ki, bu səbəbdən onun müavin qismində imzaladığı sərəncamın hüquqi qüvvəsi yoxdur. Elə ona görə də Eldar Əzizov 2018-ci ilin iyulunda icra başçısının müavini təyin edilib, eyni zamanda, icra başçısının səlahiyyətlərini yerinə yetirməyə başlayandan sonra onun Diları Əliyeva 141 ünvanı ilə bağlı verdiyi sərəncamı da ləğv edib.
Sabiq Aparat rəhbəri vurğulayıb ki, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerli əhəmiyyətli mədəniyyət abidəsi olan binanın sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə icazə verilməsi haqda sərəncamı maddi marağa görə imzalamayıb: “Mən heç kimdən də pul almamışam. Bu işdə adı keçən tikinti şirkətinin rəhbəri Tamilla xanımı ilk dəfə məhkəmədə dindiriləndə görəcəm. Mən “İncil”i, “Tövrat”ı və “Qurani-Kərim”i oxumuşam. Allah şahiddir ki, bir nəfərdən pul almamışam. Tikinti şirkətinin nümayəndələri 6 ildən çox icra hakimiyyətinə gəlib-gediblər. Əvvəldən kimlərəsə pul veribsə belə, 2012-ci ildən 2018-ci ilə nə gəlib çatacaqdı?”
Rasim Quliyevin sözlərinə görə, Aparat rəhbəri olanda şikayətçiləri özü qəbul edirdi. Şikayətə gələnlər ən çox Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq İdarəsindən şikayət edirdi. O, baş memar Akif Abdullayevin məhkəmədə dindirilməsini istəyib: “Mən təqdim olunan sənədlər əsasında sərəncamı imzalamışam. O sənədləri bu idarə verib. Baş memar Akif Abdullayev mütləq məhkəmədə dindirilməlidir. O, qəbula gələn vətəndaşların arxasınca deyirdi ki, “qoltuğuna qarpız verib, yola saldım”. İndi məhkəməyə gəlsin, suallarımı cavablandırsın. Başqa bir məsələyə də diqqət çəkmək istəyirəm. Dilarə Əliyeva 141 ünvanındakı tarixi binaya zərər vurulmasına görə mənə ittiham verilib. Amma onun yanındakı 145 saylı bina tam sökülüb, yerində yeni bina da inşa edilib. Həmin bina Azərbaycanın tarixi abidələri siyahısından çıxarılmayıb. Prokurora, burada olan digər rəsmi qurumların nümayəndələrinə sual verirəm, niyə həmin bina ilə bağlı araşdırma aparmayıb? Bina tamamilə yox edilib, amma tarixi abidələr siyahısında hələ də adı var. Mən sərəncamı imzalayanda həmin şirkət tərəfindən 4 mərtəbə inşa edilmişdi. Yəni sərəncam imzalananda onsuz da həmin tikinti var idi. 4 ay sonra mənim sərəncamım ləğv edilib. Belə olan halda mən kimə, hansı yolla zərər vurmuşam?”
Rasim Quliyev həbs qətimkan tədbirinin dəyişməsi, ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb.
Hakim Faiq Qəniyev bildirib ki, Rasim Quliyevin ifadəsində adını çəkdiyi şəxslər məhkəməyə dəvət edilib dindiriləcək.
50 yaşlı Rasim Quliyev Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləndən az sonra bu qurumdan uzaqlaşdırılıb. Hələ icra başçısının müavini təyin edilib, icra başçısının səlahiyyətlərini icra etməyə başladıqdan sonra Eldar Əzizovun həyata keçirdiyi kadr dəyişikliklərindən biri Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad etmək olmuşdu.
Sabiq Aparat rəhbərinə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə -ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.
Gununsesi.info