
Bakı Ağır Cİnayətlər Məhkəməsində sabiq millət vəkili Nazim Bəydəmiylinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Gununsesi.info-nun məlumatına görə, sabiq deputatın üzünə duran Mürsəl İbrahimov və Ədalət Bağırov məhkəmə iclasında dindirilib.
Xatırladaq ki, Ə.Bağırov “Avto-Qarant” ASC-nin rəhbəridir. N.Bəydəmirlinin özü də bu şirkətin səhmdarıdır. Cinayət işinin materiallarında iddia olunur ki, sabiq deputat onu intim görüntülərini yaymaqla şantaj edərək, 2023-cü ilin iyununda 10 min manat pulunu alıb.
Halbu ki, Nazim Bəydəmirli uzun illərdən bəri əmlak hüququna qəsd olunmasına dair şikayətçi idi.
Prosesdə zərərçəkmiş kimi ifadə verən Ə.Bağırov danışır ki, vaxtilə N.Bəydəmirli ilə onu Bakı Apellyasiya Məhkəməsinin o vaxtkı hakimi, hazırda isə həbsdə olan Lətif Nəbiyev tanış eləmişdi.
Onun sözlərinə görə, şirkətin səhmlərini və torpaq sahəsini N.Bəydəmirliyə satıb, amma pulunu ala bilməyib. Bu üzdən aralarındakı mübahisə 20 ilə yaxındır ki, davam edir: “Mənə çatası 120 min dolları istəyəndə dedi ki, “deputat seçilirəm, qoy bitsin, hər şey yaxşı olacaq”. Həqiqətən seçildi, ancaq mənim pulumu vermədi. Lətif Nəbiyevə dedim, sabrli olmağı tövsiyə elədi. Pulumu verməmək bir yana, özümü məhkəməyə verdi, qəzetdə biabır elədi”.
Ə.Bağırov iddia edir ki, illərlə aralarında davam edən çəkişmələrdən sonra N.Bəydəmirli 2023-cü il iyulun 24-də “NZS” qəsəbəsində şirkətin qarajına gələrək. onu şantaj edib.
Onun sözlərinə görə, sabiq deputat telefonunda iki kişi arasında intim münasibətlərlə bağlı videonu ona göstərib, 50 min manat pul, bir də şirkətin səhmlərinin 15 faizini istəyib. “Mənə dedi ki, “bu videodakılardan biri sən ola bilərsən”. Fikirləşdim ki, bunun əlində bütün günü telefon var, montaj eləyər, yayar. Məcbur olub, 10 min verdim ki, məndən əl çəksin”
N.Bəydəmirli isə zərərçəkmişin danışdıqlarını cəfənfiyyat adlandırıb. O vurğulayıb ki, Ə.Bağırovun ifadəsində göstərdikləri arasında yalnız bir cümlə həqiqət idi – onları keçmiş hakim Lətif Nəbiyevin tanış eləməsi: “Bu bədnam adam başdan-ayağa cəfəngiyyat danışır. Lətif Nəbiyevin bizi tanış eləməsindən başqa hamısı rəvayətdir. Bunun əmisi oğlunun işinə Lətif Nəbiyev baxırdı, oradan tanış olmuşdular”. N.Bəydəmirliyə şantaj ittihamı verilən digər hadisənin isə 1996-cı ildə Rusiyada yaşandığı iddia olunur. Bu epizod üzrə zərərçəkmiş qismində ifadə verən Mürsəl İbrahimov deyir ki, tarixçidir, Bakı Dövlət Universitetinin müəllimi olub. 90-cı illərdə biznesdən ötrü Rusiyaya gedib. N.Bəydəmirlini də 1995-ci ildə Lipetsk şəhərində tanıyıb. Onun sözlərinə görə, sabiq deputat o dövrdə Rusiyada meyvə-tərəvəz ticarətilə məşğul olurdu. Zərərçəkmişin dediyinə görə, günlərin birində N.Bəydəmirli ona birlikdə spirtli içki biznesiylə məşğul olmağı təklif edib. O da razılaşıb: “Mən əvvəldən başqa işlərdə iranlılarla işləyirdim. İranlılardan 40 min alıb Voronejdə Nazimə verdim…”
M.İbrahimov deyir ki, N.Bəydəmirlinin orada evli olduğu qadın vergi müfəttişi, onun əmisi oğlu isə milis rəisi idi. Zərərçəkmiş iddia edir ki, oğlunu girov götürüb, 70 min dollar tələb ediblər: “Nazimin baldızı dedi ki, uşağının buradan sağ-salamat getməsi üçün 70 min dollar verməlisən. Evdə 28 min dollar var idi, onu verdim. 3-4 saat sonra Nazim oğlumu gətirdi. Mən də onu Bakıya yola saldım”.
O dövrdə şikayətçi olmamasının səbəbini belə əsaslandırıb ki, şəhərdə vəzifədə olanlar N.Bəydəmirlinin qohumları idi. Azərbaycana gələndən sonra 30 ilə yaxın müddətdə səssiz qalmasına gəlincə, iddia edir ki, N.Bəydəmirlinin kriminal qruplaşmalarla əlaqəsi olduğunu eşitmişdi: “Sosial şəbəkələrdən onun həbs olunduğunu eşidəndə mən də gedib şikayətçi oldum. Bu adam mənim atama od qoyub”.
N.Bəydəmirli isə bildirib ki, M.İbrahimov yalan danışır və onun həbsdə olmasından sui-istifadə edir. Keçmiş deputat vurğulayıb ki, bu şəxslə cəmi 10-15 gün əlaqəsi olub.
Nazim Bəydəmirli onun üzünə qoyulanların istintaq tərəfindən öyrədilən şəxslər olduğunu deyib: “Mənim həbsim təkcə bu zaldakılara deyil, bütün ölkəyə məlumdur. Bu ittihamlar cəfəngiyyatdır və bu adamlar da öyrədilmiş adamlardır. Mən illərdir ki, öz haqqım uğrunda mübarizə aparırdım. Mənim haqlı olduğumu DİN rəhbərliyi məni dinləyərkən də etiraf edib. Söyüdlü olaylarında sadə insanlara verdiyim ictimai dəstək bu həbsimlə nəticələndi. Bu adamlardan da istifadə olundu”.
N.Bəydəmirli ilə bağlı məhkəmə araşdırmaları davam edir.
Xatırladaq ki, Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə və təkrar törədildikdə) maddələrilə ittiham verilib. Bu maddələrdə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. N.Bəydəmirli ittihamları rədd edir, onları uydurma adlandırır.
Keçmiş deputat məhkəmədə ifadəsində deyib ki, özünü “ekologiya məhbusu” hesab edir.
Onun sözlərinə görə, ötən ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazlarıyla əlaqədar kimisə qurban vermək lazım idi, onu seçiblər. Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsi və bunun da əhaliyə mənfi təsirinə etiraz edirdi.
Günay Mahirqızı
Gununsesi.info