
Şimali Koreya lideri Kim Çen In konstitusiyanın Cənubi Koreyanı “qaçılmaz əzəli düşmən” kimi təyin etmək üçün yenidən yazılmasını istəyib. Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanın ölkə konstitusiyasında “bir nömrəli düşmən ölkə” elan edilməsini istəyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In ölkənin əsas qanununa müvafiq dəyişikliklər edilməsini təklif edib.
O, Seul və Vaşinqtonu “hərbi təlimlər keçirmək və strateji aktivləri yerləşdirməklə” Koreya yarımadasını potensial müharibə zonasına çevirməkdə ittiham edib.
Kim Çen In Şimali və Cənubi Koreyanın yenidən birləşməsinin “mümkün olmadığını” da vurğulayıb.
Şimali Koreya lideri Pxenyanda iki ölkənin birləşməsini simvolizə edən abidənin sökülməsini tələb edib.
O bildirib ki, Pxenyan müharibəyə başlamaq istəmir, eyni zamanda bundan yayınmağa da çalışmayacaq. “Koreyalararası münasibətlərin acı tarixindən çıxarılan yekun nəticə ondan ibarətdir ki, biz milli birləşmə yolunda birlikdə irəliləyə bilmərik”, – Kim Çen In deyib.
Əvvəllər KXDR hakimiyyəti Koreyalararası məsələlərlə məşğul olan departamentləri ləğv etmək qərarına gəlib.
Gununsesi.info