Tramp Ayova ştatında ilkin seçkilərdə qalib gəldi - Ukrayna əleyhinə namizəd seçkidən kənarlaşdı

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ayova ştatında keçirilən ilk Respublikaçı prezidentlik praymerizində böyük qələbə qazanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, gözlənilən səslərin 95%-i hesablandıqdan sonra Tramp seçicilərin 51%-nin dəstəyini qazanıb.

Florida qubernatoru, 45 yaşlı Ron Desantis gözlənilmədən 21% səslə ikinci yerə düşüb. ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli 19% səs toplayıb.

Ukrayna əleyhinə açıqlamaları ilə tanınan sahibkar Vivek Ramasvami 8%-dən bir qədər az səs toplayıb və yarışdan kənarlaşıb. O, tərəfdarları qarşısında çıxışında Donald Trampın namizədliyini dəstəkləyib.

Beləliklə, Donald Tramp 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyə iddialılar arasında lider statusunu möhkəmləndirib.

Respublikaçıların praymerizində kim qalib gəlsə, noyabrda keçiriləcək prezident seçkilərində demokrat, hazırkı prezident Co Baydenlə qarşılaşacaq.

Gununsesi.info