Kanadalı araşdırmaçı Alain Brunet deyir ki, xatirələrinizi xüsusi terapiya vasitəsilə “redaktə” etsəniz, sevdiyiniz şəxsdən ayrılmağınız sizə daha az əzab verər.
Brunet tam 15 il müharibə veteranlarında, o cümlədən, terror və cinayət qurbanlarında rast gəlinən post-travmatik stres pozuntusu hallarını araşdırıb.
Onun araşdırması insanları acı xatirələrin yaratdığı emosional ağrılardan xilas etməyi hədəfləyən bərpa terapiyasının inkişafına həsr olunub.
Bunun üçün Brunet ən adi farmasevtik preparatlardan biri olan propranololdan istifadə edib. Bu preparat uzun müddətdir ki, bəzi xəstəliklərin, məsələn, hipertoniya və miqrenin müalicəsində istifadə olunan beta-adrenoblokatordur. Son araşdırmalar göstərir ki, bu dərmanı daha geniş dairədə tətbiq etmək olar.
Kanadalı alimin təklif etdiyi bərpa prosesi terapiya seansından bir saat əvvəl propranolol qəbul etməklə başlayır, sonra pasientlərdən xahiş edilir ki, öz travmalarını ətraflı şəkildə kağıza yazıb ucadan oxusunlar.
“Siz keçmişə aid hansısa hadisəni xatırlayıb onunla bağlı yeni bir detalı
yadınıza salanda, həmin xatirəniz blokdan çıxmış olur. Bu zaman o yenilənir və bu dəfə fərqli şəkildə yadda qalır” – kanadalı psixoloq BBC-yə müsahibəsində belə deyib.
Bərpa prosesi xatirələrin ən emosional hissələrinə təsir etmək imkanı yaradır.
“Biz xatirələrin formalaşması, blokdan çıxarılması, yenilənməsi və yenidən yadda saxlanması üsullarını praktikaya tətbiq edirik. Neyrobiologiyadan əldə etdiyimiz bu biliklərdən pasientlərin müalicəsi üçün vacibdir” – bunlar da Brunetin sözləridir.
Onun elmi mülahizələrini tez-tez elmi-fantastik “Ləkəsiz ağılın əbədi parıltısı” filmiylə müqayisə edirlər – həmin filmdə ayrılmış cütlüyün yaddaşından bir-biri haqqında xatirələri silirlər. Ancaq Brunet qeyd edir ki, bərpa terapiyasında xatirələr yox, onların ağrısı yox olur.
Xatirələrin neytral, faktiki elementləri beyində hipokamda, onlarla bağlı emosiyalarsa badamşəkilli nüvələrdə saxlanır.
“Köhnə üsulla film çəkdiyinizi təsəvvür edin – görüntü və səs ayrı-ayrı kanallara yazılır” – Brunet belə deyir.
Onu zədələmiş xatirələri yada salanda insanın beynində hər iki kanal işə düşür. Propranolol kanallardan birinə – yaddaşın emosional aspektinə təsir edir, emosiyaların bərpasını yubadır və ağrını azaldır.
Xatirələri dərmanın təsiri altında bərpa etməklə, onları beyinə yeni, daha az emosiyalı variantda “yazmaq” mümkündür.
Brunetin araşdırması zamanı pasiyentlərin 70%-i artıq bir neçə bərpa prosesindən sonra özlərini daha yaxşı hiss etməyə başlayıblar.
Kanadalı alim bu işdə digər mütəxəssislərlə, o cümlədən, Harvard Universitetinin eksperti Pocer Pitmanla əməkdaşlıq edib.
Paris və Nitse şəhərlərindəki terror hadisələrindən sonra Brunet Fransada psixoterapevtik yardım proqramını reallaşdırıb və qurbanları, şahidləri və xilasediciləri müalicə edən 200 həkim hazırlayıb. Bu proqram çərçivəsində 400-dən çox şəxs yardım alıb.
Post-travmatik pozuntuların müalicəsində uğurlar əldə edəndən sonra kanadalı alim öz metodunun əhatə dairəsini genişləndirmək qərarına gəlib.
Keçmiş tələbəsi Mişel Lonerqanla birlikdə o, 2015-ci ildə “sınmış ürək” və xəyanət acısı problemlərinin həll edilməsi üsullarını sınaqdan keçirib.
“Qədim yunan faciələrinin hamısı mahiyyət etibarı ilə insan həyatının əsas elementlərindən biri olan xəyanət haqqındadır”.
Brunet deyir ki, romantik münasibətlərin birtərəfli bitməsi kəskin əzablara səbəb olur və bu zaman ortaya çıxan emosional reaksiya terror hadisəsində və ya müharibədə zədələnmiş şəxslərin emosiyalarıyla analogiya təşkil edir.
Araşdırmaya təkcə “uğursuz sevgi” təcrübəsi yaşamış olanlar yox, həyat yoldaşı xəyanət etmiş və partnyoru tərəfindən gözlənilmədən tərk edilmiş şəxslər də cəlb olunub.
Brunet deyir ki, onların bu zərbələri dəf etməyə gücü olmayıb: “Bu adamlar üçün dostlarının məsləhət gördüyü kimi “səhifəni çevirmək” və “yaşamağa davam etmək” çox çətiniydi. Ancaq ən azından problemi düz nişan vermişdilər”.
Pasiyentlər sanki öz “köstəbək günü”nə ilişib qalmışdılar. Ancaq Bill Murray-in 1993-cü ildəki personajı hər səhər ayılıb tarixin 2 fevral olduğunu görürdüsə, doktor Brunetin pasiyentləri yaddaşlarında elə hey xəyanət anını canlandırıblar və bu, obsessiv pozuntuya çevrilib.
Brunet və Lorenqan aşkar ediblər ki, posttravmatik stres pozuntusu (PTSP) olan şəxslər kimi, sevgi münasibətlərinin bitməsindən əziyyət çəkən şəxslər də bəzən ilk seansdan sonra yüngülləşmə hiss ediblər.
Beş seansdan sonra onlara qarşı xəyanət barədə yazdıqlarını ucadan oxuyan pasiyentlər bildiriblər ki, “Sanki bütün bunları başqa biri yazıb – roman kimi oxuyursan”.
“Bu terapiya yaddaş mexanizminin normal fəaliyyət göstəmərsinə şərait yaradır: əzabları tədricən, addım-addım unutmağa və yeni səhifə açmağa kömək edir” – Brunet belə deyir.
Yeni bərpa terapiyasını növbəti dəfə sınaqdan keçirmək üçün hazırda onun Monrealdakı laboratoriyasına partnyorunun xəyanəti və ya başqa bir yalanıyla üz-üzə qalmış 60 nəfər şəxs cəlb edilir.
Alain Brunet ümid edir ki, bərpa terapiyasının əhatə dairəsini genişləndirməklə fobiya, narkomaniya, psixoloji asılılıq, ağır dərd və emosional reaksiyalar doğuran bütün digər stres hallarını müalicə etmək mümkün olacaq.
Gununsesi.org
COMMENTS