Xəbər verdiyimiz kimi Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev İsveçin Malmö şəhərində yaşadığı Qocalar evində vəfat edib.
Qeyd edək ki, uzun illərdən bəri mühacir həyatı yaşayan Şahin Tağıyev Azərbaycanın ilk 4 Milli Qəhrəmanından biri olub.
Gununsesi.info bildirir ki, vəkil Aslan İsmayılov Şahin Tağıyevin Azərbaycanda dəfn olunacağını deyib.
“Bu dəqiqələrdə rəhmətlik Milli Qəhrəmanımız Şahin Tağıyevin gəlini Nigar xanım Tağıyevə ilə əlaqə saxladım. Nigar xanımın bildirdiyinə görə Azərbaycan Diaspora Komitəsi Şahin Tağıyevin nəşinin ölkəyə gətirilməsi üçün lazım olan tədbirləri görür. Sadəcə bu proses çox mürəkkəb olduğundan və bayram günlərinə düşdüyündən obyektiv gecikmələr var.
Onu bildirim ki, şərhlərdə bəzi insanlar bilmədiklərindən az qala doğmalarını diqqətsizlikdə ittiham etməyə çalışırlar. Rəhmətlik Şahin özü də doğmalarının diqqətindən həmişə razılığını bildirib.
Onun qocalar evində rəhmətə getməsi isə İsveçdə qocalar evində olan qayğının bizdən köklü şəkildə fərqlənməsidir. İsveçdə qocalar evində yaşlı insanlar üçün yaradılan şərait heç bir yerdə yoxdur.
İnanıram ki, hakimiyyət rəsmiləri Bakıda Milli Qəhrəmanımız Şahin Tağıyevin layiqli dəfn mərasimini və yerini təşkil edəcək”.
Firuzə Mahmudova












