
İsrail və HƏMAS arasında qarşıdurmalar davam edərkən, Qəzza zolağında saxlanılan israilli məhbuslar Təl-Əviv rəhbərliyinə təzyiq göstərməkdə davam edir. İsrailin baş naziri Binyamin Netanyahunun məhbuslarla bağlı əlindən gələni etmədiyini iddia edənlər ölkə daxilində çoxsaylı etiraz aksiyaları təşkil ediblər. Nəhayət, Qəzzadakı məhbusların yaxınları İsrail parlamentinə basqın edərək deputatlara məhbus mübadiləsini təklif ediblər.
Gununsesi.info xəbər verir ki, İsraildə müzakirələr davam edərkən, ABŞ-ın “Axios” xəbər saytı Tel-Əvivin yeni təklif təqdim etdiyini yazıb.
Xəbərdə iki İsrail rəsmisinin Qətərə və Misir vasitəçilərinə təklif etdiyi bildirilib. Təklifə əsasən, Təl-Əviv administrasiyası Qəzza zolağında bütün girovların azad edilməsi müqabilində hərbi əməliyyatları iki aya qədər dayandırmağı təklif edib.
İsrail rəsmilərinin HƏMAS-dan cavab gözlədikləri və bu prosesdə nikbin olduqları qeyd edilib.
ABŞ rəsmilərinin də təklifə optimist yanaşdıqları və bu təklifin “Qəzzada atəşkəsə nail olmaq üçün yeganə yol ola biləcəyi” ifadə edilib.
GİROVLAR NECƏ AZAD OLACAQ?
Bildirilib ki, təklifə sağ qalan bütün girovların azad edilməsi və ölənlərin cəsədlərinin İsrailə çatdırılması daxildir.
Səlahiyyətlilər qeyd edib ki, ilk mərhələdə qadınların, sağlamlıq vəziyyəti ağır olanların və 60 yaşdan yuxarı kişilərin azad edilməsi planlaşdırılır. Bildirilib ki, təklifin növbəti mərhələsində qadın hərbçilərin, yaşı 60-a qədər olan qeyri-hərbi kişilərin, nəhayət həyatını itirənlərin cənazələrinin çatdırılması nəzərdə tutulub.
Rəsmilər vurğuladılar ki, təklif edilən razılaşmaya əsasən, İsrail və HƏMAS hər bir israilli girov müqabilində neçə fələstinli məhbusun azad ediləcəyi ilə bağlı əvvəlcədən razılaşacaqlar və daha sonra adlarla bağlı ayrıca danışıqlar aparılacaq.
İsrail rəsmiləri bu təkliflə “müharibənin bitməyəcəyini” və həbsxanalarda olan 6 min fələstinlinin hamısının azad edilməyəcəyini bildirib.
Xəbərdə bildirilib ki, təklifə İsrail qüvvələrinin yenidən yerləşdirilməsi və ordunun bəzi hissələrinin yaşayış məntəqələrindən çıxarılması, həmçinin fələstinli mülki əhalinin tədricən Qəzza şəhərinə və Qəzza zolağının şimalına qayıtması daxildir.
Digər tərəfdən, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi gündəlik mətbuat brifinqində Qəzzada son vəziyyəti və İsrailin hücumlarını dəyərləndirib.
“Biz məhbusların çıxarılması üçün humanitar atəşkəsləri dəstəkləyirik, lakin ümumi atəşkəsi dəstəkləmirik. Bu məsələ ilə bağlı siyasətimiz dəyişməyib” deyən Kirbi, İsrailin HƏMAS-a qarşı mübarizə apardığını və “özünü müdafiə etmək hüququna malik olduğunu” əlavə edib.
İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında HƏMAS-ın nəzarətində olan israillilərin qohumları ilə görüşüb və bildirib ki, “onlar məhbusları azad etməyə çalışırlar”.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları 2023-cü il oktyabrın 7-də İsrailə qarşı hərtərəfli hücuma keçib və çoxlu israillini əsir götürüb.
Qəzzada 24 noyabr 2023-cü ildə 4 gün müddətinə verilən və daha sonra 3 gün uzadılan qarşıdurmada “humanitar atəşkəs” zamanı 81 İsrailli və 240 fələstinli məhbus qarşılıqlı azadlığa buraxılıb.
İsrail ordusunun məlumatına görə, hazırda Qəzza zolağında hələ də 136 israilli məhbus var.
Gununsesi.info