İsrail Qəzzada 2 məktəbi vurdu – 50 nəfər ölüb

İsrail Qəzzada köçkünlərin yerləşdiyi iki məktəbə hücum edib. Hücumlarda ən azı 50 nəfərin həyatını itirdiyi qeyd edilib.

Gununsesi.info xəbər verir ki, İsrailin hava hücumları və artilleriya atəşi nəticəsində Qəzzanın Dərəc rayonunda məcburi köçkün fələstinlilərin sığındığı Şəhid Əsəd Səftəvi məktəbi və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatına (UNRWA) bağlı Səlahəddin Məktəbi hədəfə alınıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, iki məktəbə edilən hücumlarda ən azı 50 fələstinli həyatını itirib. Ölən 50 fələstinli və yüzlərlə yaralıdan çoxunun cəsədi bölgəyə yaxın olan Zeytun rayonunda yerləşən Baptist Xəstəxanasına gətirilib.

Xəbərdə bölgədə davam edən intensiv artilleriya atəşinə görə mülki müdafiə qruplarının məktəblərə çatmaqda böyük çətinlik çəkdiyi bildirilib.

Sözügedən iki məktəbin sığınacaq mərkəzlərinin saxlanması və xərclərinin Əlcəzair əl-Bereket Cəmiyyəti tərəfindən qarşılandığı qeyd edilib.

Gununsesi.info