Netanyahu üzərindəki basqı artır: “Evinə dön” çağırışı

Oktyabrın 7-dən İsraillə HƏMAS arasında qarşıdurmalar davam edərkən, Tel-Əvivdə baş nazir Benyamin Netanyahuya qarşı bəyanatlar artır. Son bəyanatı Netanyahunun keçmişdə işlədiyi şəxs deyib.

Gununsesi.info xəbər verir ki, İsrail Daxili Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Yuval Diskin məqaləsində “Netanyahu niyə dərhal evə qayıtmalıdır?” sualını verib.

“Onun oktyabrın 7-dən bəri davranışı Netanyahunun niyə dərhal evə qayıtması lazım olduğunu çox gözəl izah edir” deyən Diskin İsrailin baş nazirinin hücumların ilk iki həftəsi ərzində “öz dünyası tərəfindən məhv edilmiş soyuq, məğlub bir adam” obrazını canlandırdığını bildirib.

Keçmiş Kəşfiyyat rəhbəri Netanyahunu 7 oktyabr hücumlarının uğursuzluğuna görə məsuliyyəti üzərinə götürməkdən imtina etməkdə günahlandırdığı məqaləsində qeyd edib ki, “Hücumların ilkin şokunu aradan qaldırdıqdan sonra o, zərrə qədər də günah və məsuliyyət hiss etmədi, qurbanların ailələrinə də empatiya göstərmədi”.

Netanyahunu “bədən dili soyuq, təkəbbürlü və reallıqdan qaçan biri” olaraq xarakterizə edən Diskin HƏMAS-ın əlində hələ də israilli məhbusların olduğunu nəzərə alsaq, İsrail baş nazirinin kreslosunda qalmasının mənası olmadığını müdafiə edib.

Diskin İsrail baş nazirinin ölkənin ehtiyac duyduğu təkmilləşdirmələr üçün lazım olan təvazökarlığa sahib olmadığını, ölkənin problemlərini həll etmək üçün yeni nəfəsə ehtiyac olduğunu bildirib.

İsrail kəşfiyyatının keçmiş rəisi Diskin yazıb: “Növbəti seçkilərdə biz yeni, dəyərli, təvazökar və hər şeydən əvvəl özünü deyil, xalqını sevən bir hökumət seçməliyik”.

Gununsesi.info