Təqsirsizlik prezumpsiyası üçün daha təhlükəli nədir? - "QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ QƏRARI"NIN OLMASI VƏ YA BELƏ QƏRARIN OLMAMASI

  • By admin
  • 19 İyun 2023 16:45

Bu məqalədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir qərarının timsalında “təqsirsizlik prezumpsiyası”nın düzgün tətbiqi ilə bağlı bəzi fikirilərimizi bölüşəcəyik.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 8 may 2023-cü il tarixli qərarında “tsqsirsizlik prezumpsiyası” hasil edilmiş yekun nəticənin əsas arqumentlərindən biri kimi təqdim edilir.

HTML tutorial

Qərarda oxuyuruq: “Bu səbəbdən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə ittiham aktı tərtib olunub məhkəməyə göndərilsə belə, barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin cinayət məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş əməlin törədilməsində təqsirli bilinməsi qəbuledilməzdir. Əks yanaşma cinayət hüququnun mühüm prinsiplərindən olan qanunçuluq prinsipinin, eləcə də cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına səbəb ola bilər”.

Qısası: şəxsi CM-nin 307.1-ci maddəsi ilə məhkum etmək üçün əvvəlcə “barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işi üzrə” qərar çıxarılmalıdır və o, qanuni qüvvəyə minməlidir ki, təqsirsizlik prezumpsiyası hüququ pozulmasın.

Sonra qərarda “təqsirsizlik prezumpsiyası” hüququnun məzmununa dair Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinin məzmunları göstərilir. Bu məzmunlarla qərarın “təqsirsizlik prezumpsiyası hüququ”na verdiyi əhəmiyyət arasında əlaqə görünmür. Göstərilənlərin hamısı ayrıca bir cinayətə – konkret halda “barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət”ə münasibətdə keçərlidir. CM-nin 307.1-ci maddəsinin subyektinə münasibətdə “təqsirsizlik prezumpsiyası hüququ”nun hansı əhəmiyyət daşıması göstərilmir.

Bildirilmir ki, əgər “barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət” üzrə qərar qanuni qüvvəyə minsə, CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyekti üçün bu hansı hüquqi nəticələrə səbəb olacaq? Hərçənd, bu nəticələr aydındır: həmin qanuni qüvvəyə minmiş qərar kifayət edəcək ki, CM-nin 307.1-ci maddəsinin subyekti barədə də eyni istiqamətli qərar çıxarılsın. Sonuncu qərar çıxaran məhkəmə birinci məhkəmənin qərarının nəticələrini inkar edə, nəzərə almaya bilməz. Ən azı ona görə ki, həmin qərar artıq qanuni qüvvəyə minib, onun faktiki hallarının və hüquqi nəticələrinin təkzib edilməsi mümkün deyil.

Başqa sözlə, CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyektinin “tale”yi əvəlki, “barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işi üzrə” çıxarılmış qərarla qəti olaraq həll edilir. Sual olunur: bu subyektin “təqsirsizlik prezumpsiyası hüququ” pozulubmu? Təqsiri (CM-nin 307.1-ci maddəsi ilə həyata keçirilən cinayət mühakimə icraatı çərçivəsində ) sübut olunmamasına baxmayaraq bu məhkəmə üçün subyekt artıq (əsas cinayət üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərara görə) təqsirlidir.

Konstitusiya Məhkəməsinin Plenumu bu vəziyyəti möhkəmlətmişdir. Buna əmin olmaq üçün qərarın nəticə hissəsi ilə tanış olmaq kifayətdir.

Yenə ortaya sual çıxır: bəlkə CM-nin 307.1-ci maddəsi ilə olan işə baxan məhkəmənin prosessual sərbəstliyini, işin faktiki hallarını araşdırmaqda, sübutları toplamaqda, onlara qiymət verməkdə, sübutların faktiki halların tam sübuta yetirilməsi üçün kifayət etməsi, əməlin tövsifi kimi nəticələri çıxarmaqda tam sərbəst olmasını təmin edən şəraitin olması daha məqbuldur? Bunun üçün bir şey kifayət edir: “barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işi üzrə qanuni qüvvəyə minmiş qərar”ın olmaması. Belə qərar olmasa, ədalət mühakiməsinin sadalanan fundamental prinsipləri təmin ediləcək, olsa – edilməyəcək, çünki, məhkəmənin subyektin təqsiri ilə bağlı öncədən formalaşmış (qanuni qüvvəyə minmiş qərarda ifadə edilmiş) mövqeyi olacaq.

Təəssüflə qeyd etməliyik ki, milli cinayət prosessual qanunvericiliyində “təqsirsizlik prezumpsiyası hüququ”nun əsas elementlərindən biri öz əksini tapmayıb. Bu elementin məzmununa dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi mövcuddur. Avropa Məhkəməsinin prinsipial mövqeyinə görə, “Cinayət törətməkdə ittiham olunan şəxslə bağlı məhkəmə qərarı təqsiri qanuna uyğun olaraq sübut olunmamışdan əvvəl həmin şəxsin təqsirli olduğuna dair rəy ehtiva edərsə, təqsirsizlik prezumpsiyası pozulmuş olur. Hər hansı rəsmi qənaət olmadığı halda, məhkəmənin təqsirləndirilən şəxsə təqsirli kimi baxdığına işarə edən müəyyən mühakimələrin irəli sürülməsi belə kifayətdir” (əsas mənbə kimi bax: Minelli İsveçrəyə qarşı, § 37; və ən sonuncular arasında Neratini Yunanıstana qarşı, § 23; Didu Rumıniyaya qarşı, § 41). “Məhkəmənin özü tərəfindən belə rəyin vaxtından əvvəl ifadə olunması bu prezumpsiyanı mütləq surətdə pozur” (Nestak Slovakiyaya qarşı, § 88; Qaritski Polşaya qarşı, § 66).

Yəqin, burada qaranlıq bir şey qalmadı. Avropa Məhkəməsi hər şeyə aydınlıq gətirib. Onda belə çıxır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 8 may 2023-cü il tarixli qərarında problemli mülahizələr var. Ən azı ona görə ki, CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın əsas cinayət üzrə qərarın qanuni qüvvəyə minməsini gözləmək subyektin təqsirsizlik prezumpsiyası hüququnu pozmayacağını düşünmək mümkün deyil.

 

 

Nazir Bayramov

həvəskar hüquqşünas

Gununsesi.info