İnsan hüquqları ilə bağlı problemləri inkar etmirik - ZAHİD ORUC

  • By admin
  • 14 Dekabr 2022 09:21

2022-ci il başa çatır. Artıq bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları yola saldığımız ildə  dünyada insan hüquqlarının durumunu qiymətləndirir.

Azərbaycan da tənqid edilən ölkələr içərisindədir. 

HTML tutorial

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya açıqlamasında bildirir ki, Azərbaycan dövləti üzərinə düşəni edir:

“Korrupsiya hüquqpozmalarına qarşı sərt tədbirlər son illər artıb. Xüsusilə də mərkəzi icra hakimiyyəti orqanlarında büdcə vəsaitələrinin mənimsənilməsinə qarşı cəzalandırılanların sosial tərkibinin yalnız aşağı çinli məmurlar deyil, yükək vəzifə tutan şəxslər olduğunu görə bilərik. Lakin institusional dəyişikliklər gücləndirilməlidir.

Ermənistana casusluqda ittiham olunan şəxslərlə bağlı (Tərtər işi-red) uzun illər davam edən, müxtəlif informasiya vasitələrində dövlət və ordu əleyhinə çevrilən əməllərə obyektiv və qanuni qiymət verilməsi üçün prezidentin tapşırığı ilə xüsusi komissiyanın yaradılması və hüquqi düyünə salınan işgəncə cinayətlərinə yenidən ədalətli qiymət verilməsi, onların bəraət alması mühüm hadisədir. Lakin burada həllini tələb edən və günahkarların cəzalandırılması mütləq baş verməlidir.

Cəzasızlıq mühitində və ya özünü toxunulmaz kastanın üzvü kimi aparanlar hüququn sərt üzünü görür. Vəzifə mövqeyindən sui istifadə edənlərə qarşı tədbirlər sərtləşdirilib.

Bəraət hökmləri sahəsində rəqəmlərin azlığı hər yerdə vurğulanır və hüquqi tədbirlər tələb edir. Ötən günlərdə, ədliyyə orqanları ilə birgə keçirilən tədbirdə rəsmi şəxslərin 1 milyon 200 minədək məhkəmə qərarının icrasını gözləməsi ilə bağlı verdiyi məlumatlar bizi narahat etməlidir. Dövlət adından çıxarılan qərar və qətnamələrin taleyi millətin mövqeyini, ictimai birgəyaşıyı, sosial ədaləti müəyyən edir”.

Beynəlxalq insan hüquqları təşkilatların hesabatlarına gəlincə, Zahid Oruc bunları deyir: 

“Bu yöndə beynəlxalq hesabatlara ikili münasibətimiz var. Onlardan bir qismi xarici siyasət alətləridir. Lakin ikinci hissəsində bir sıra məsələlərə münasibətdə dövlət hakimiyyət orqanları ilə yenidən dialoq mühitinə ehtiyac var ki, bu konfrantasiya ortadan qalxsın. Azərbaycanı yalnız qara rəngdə göstərmək praktikasına son qoyulsun. Amma eyni zamanda hüquq-mühafizə, istintaq, fikir azadlığı, kütləvi toplaşmaq, media azadlığı sahəsindəki problemləri də biz aradan qaldıra bilək. Bunların hamısı insanlarımız üçün gərəkdir. Biz tədbirlərimizin ikinci, üçücü, dördünücü səviyyədə, xarici aləmdə rəy alması üçün çalışmamalıyıq. Əlbəttə beynəlxalq aləmdə bizimlə bağlı formalaşan rəylər əhəmiyyət daşıyır. Mən komitə sədri kimi bundan öncəki çıxışlarımda da, parlamentdəki mövqeyimdə də bu məsələyə ayrıca yer vermişəm. Human Rights Watch, Amnesty International və digər qurumlara bizim münasibətimizə baxmayaraq fakt faktlığında qalır ki, bir sıra dövlətlər məhz onların rəyləri əsasında hərəkət etməyə çalışırlar. Biz Qarabağ davasında ərazi bütövlüyümüzü məhz beynəlxalq rəyin bizim tərəfimizdə olmsı fonunda qazandıq. Deməli bu istiqamətdə görüləcək işlərimiz var. Bu inkaredilməzdir”.

 

Afət Abbasova

Gununsesi.info