
Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin biznesmen deputat Elnur Allahverdiyevlə bağlı araşdırması rezonansa səbəb olub.
Belə ki, jurnalist deputatın xarici ölkə qarşısında öhdəliyinin olduğunu sübut edən sənəd yayaraq, onun qanunsuz yolla deputat mandatı əldə etdiyini yazıb.
REAL Partiyasının sədri İlqar Məmmədov da Elnur Allahverdiyevin saxtakarlığına diqqət çəkib.
Gununsesi.info partiya sədrinin qeydlərini təqdim edir:
Ötən ilin parlament seçkilərində REAL Cümhuriyyətçilər İttifaqının namizədi Cavad Cavadov 17 saylı Yasamal seçki dairəsində yarışırdı. Kampaniya zamanı REAL müəyyən elədi ki, YAP`ın namizədi Elnur Allahverdiyev Sloveniya Respublikasının Azərbaycanda Fəxri Konsuludur.
Qanunla, başqa dövlət qarşısında hüquqi öhdəliyi olan şəxs deputatlığa namizəd ola bilməz.
Namizədimiz sübutlarla birgə Mərkəzi Seçki Komissiyasına bu haqda təqdimat etdi. Lakin, MSK, hansısa arayışa istinadən qərara gəldi ki, cənab Allahverdiyev namizədliyini irəli sürəndən bir neçə gün əvvəl artıq o vəzifədən getmişdi. Məhkəməyə də getdik. Məhkəmə iddiamızı əsassız saydı.
Elnur Allahverdiyev seçkidə iştirak elədi və YAP`ın səfərbərlik resursunun gözlənilmədən keçirilən növbədənkənar seçkidə daha yaxşı işlədiyi üçün bizim namizəddən bir qədər çox səs toplayaraq (amma heç də elan olunan qədər yox!), Milli Məclisə seçildi.
İndi təsadüfən öyrəndik ki, Elnur Allahverdiyevin vəzifədən azad olunması haqda qərarı Sloveniya Prezidenti seçkidən ancaq 4 ay sonra imzalamışdır – iyunun 4`də.
Yəni hüquqi baxımdan, cənab Allahverdiyev seçki zamanı da, hələ ondan 4 ay sonra da başqa dövlət qarşısında hüquqi öhdəliyi olan şəxs idi. Elə isə, onun deputat olmağa haqqı çatmırdı.
MSK`nın və məhkəmənin məlum qərarı hələ o zaman da çox mübahisəli idi. İndi isə qanunsuzluq daha da aydın görünür.
Odur ki, REAL olaraq MSK`ya və məhkəməyə yeni müraciət etməyi düşünürük. Yuxarıda qeyd etdiyim məhkəmə qərarına yenidən baxılması üçün hüquqi əsaslar əmələ gəlmişdir.
Hesab edirik ki, 17 saylı Yasamal seçki dairəsi üzrə (hansının ki, mən şəxsən seçicisiyəm) seçkilər yenidən keçiriləməlidir. Bir seçici olaraq məhkəməyə müraciəti bəlkə özüm də edə bilərəm. Hazırda hüquqi yollar haqqında düşünürük.
Gununsesi.info