
Azərbaycan avtomobil yolunun öz ərazisində tikintisini qrafik üzrə aparır, amma Ermənistan heç işə başlamayıb.
Gununsesi.info bildirir ki, bunu Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavini Aleksey Overçuku aprelin 26-də qəbul edərkən deyib.
Rusiya-Azərbaycan-Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiya regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasını müzakirə edir.
İ.Əliyev bununla əlaqədar dəmiryolun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirib: “Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib”.
Gununsesi.info