
Noyabrın 22-də Hollandiyada keçirilən erkən parlament seçkilərində birinci olan ifrat sağçı Geert Vildersin hökumət qurma ümidi türk əsilli Dilan Yeşilgöz-Zegeriusun rədd cavabı ilə qırılıb.
Gununsesi.info xəbər verir ki, seçkilərə ittifaqla girən İşçi Partiyası (PvdA) və Yaşıl Sol (Groen Links) Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyasının (PVV) arxasında dayanıb. Dilan Yeşilgöz-Zegeriusun rəhbərlik etdiyi Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) əvvəlki seçkilərlə müqayisədə 10 mandat itirərək üçüncü olub.
Seçkilərdən böyük itki ilə çıxan VVD lideri Yeşilgöz-Zegerius seçicilərin verdiyi mesajı aldıqlarını bildirib.
Türkiyə əsilli siyasətçi bu barədə X hesabında açıqlama yayıb. “Seçicilər 10 mandat itirməklə VVD-yə aydın mesaj verdilər. Birgə idarəetmə açıq seçim deyil. Bununla belə, biz məsuliyyətdən yayınmırıq. Biz asanlaşdırıcı və konstruktiv şəkildə yaxşı tədbirlər görən sağ mərkəzçi kabineti dəstəkləyəcəyik. VVD-nin bunu edə biləcəyi yer indi parlamentdir”, – deyə o qeyd edib.
Daha əvvəl Vilderslə koalisiyaya yaşıl işıq yandıran Yeşilgöz-Zegeriusun bu mesajla Vilderslə hökumətin qapılarını bağladığına işarə etdiyi bildirilir.
Hökumət qurmaq üçün sağçı partiyaların dəstəyinə ehtiyacı olan Vilders Yeşilgözün sözlərini də “böyük bir xəyal qırıqlığı” olaraq qiymətləndirib.
Hollandiyada koalisiya danışıqlarının aylarla davam edəcəyi gözlənilir. Təhlilçilərin fikrincə, Vilders hökumətdəki potensial tərəfdaşlarını razı salmaq üçün anti-islam siyasətini yumşaltmalıdır.
Gununsesi.info