Makron bu suala cavab verməkdən imtina etdi

“İsrail Qəzzanı bombalamağa və qadın və uşaqlar da daxil olmaqla dinc sakinləri öldürməyə son qoymalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron BBC-yə cümə günü axşam dərc olunan müsahibəsində deyib.

Makron vurğulayıb ki, Fransa HƏMAS-ın terror hərəkətlərini açıq şəkildə pisləyir. “Lakin İsrailin özünü müdafiə etmək hüququnu tanımaqla yanaşı, onları Qəzzada bu bombardmanları dayandırmağa çağırırıq”.

ABŞ və Böyük Britaniya da daxil olmaqla, digər liderlərin atəşkəs çağırışlarına qoşulmasını istəyib-istəmədiyini soruşduqda, o, “Ümid edirəm ki, belədir” cavabını verib.

Makron həmçinin İsrailin Qəzzada beynəlxalq hüququ pozduğunu söyləməkdən imtina edib. “Mən hakim deyiləm. Mən dövlət başçısıyam” deyən o, hücumdan cəmi bir ay sonra “tərəfdaş və dost” olan İsraili bu şəkildə tənqid etməyin düzgün olmadığını bildirib.

İsrail beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi obyektlərə hücum etdiyini və mülki əhali arasında itkilərin azaldılması üçün tədbirlər gördüyünü, məsələn, zərbələrdən əvvəl xəbərdarlıq etmək və insanları təxliyə etməyə çağırdığını bildirir.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Makronun şərhlərinə cavab verib və bildirib ki, ölkələr İsraili deyil, Həmas-ı qınamalıdır.

Makronun müsahibəsi Parisdə Qəzza ilə bağlı humanitar konfransdan bir gün sonra yayımlanıb.

Gununsesi.info