
Almaniyadan deportasiya edildikdən sonra həbs olunmuş fəal Samir Aşurovun məhkəməsi əsassız olaraq uzanır.
Gununsesi.info xəbər verir ki, bu barədə onun xanımı Nuranə Aşurova bildirib.
“Həyat yoldaşımın məhkəməsi 2022-ci ilin avqustunda başlayıb. O vaxtdan proses yubanır. Hər dəfə iclaslar 3-4 dəfə təxirə salındıqdan sonra keçirilir. Sonuncu dəfə iclas fevralın 8-də olub O vaxtdan dinləmələr olmayıb və müxtəlif bəhanələrlə ertələnib. Elan edildiyi kimi, hakimlərdən birinin olmaması səbəbindən bu gün də iclas baş tutmadı”.
O hesab edir ki, məhkəmə istintaqının yubadılmasının səbəbi həyat yoldaşının günahına dair səhih sübutların olmamasıdır.
“İttiham tərəfinin versiyası məhkəmədə puça çıxır. “Zərərçəkən” və şahidlərin ifadələri bir-birinə ziddir. Görünür, məhkəmədə nə etmək lazım gəldiyini bilmirlər və qərar qəbulunu uzatmağa üstünlük verirlər. Nəticədə mənim həyat yoldaşım əziyyət çəkir, halbuki, onun adına çıxdıqları cəzanı törətməyib və əsassız olaraq həbsdə saxlanılır. Onu yalnız müxalifətçilik fəaliyyətinə, Almaniyada Azərbaycan hökumətinə qarşı etiraz aksiyalarında iştirakına görə təqib edirlər”, – Aşurova bildirib.
Qeyd edək ki, Samir Aşurov bu il martın 29-da Almaniyadan deportasiya edilib, 20 gündən sonra Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı adama bıçaq xəsarəti yetirməkdə ittiham olunub. Siyasi fəala Cinayət Məcəlləsinin 126.2.4 – cü maddəsi (Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq) ittiham olunur.
Onu 6 ildən 11 ilə qədər həbs təhlükəsi gözləyir. İyulun 21 – də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsilə – 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmək) ittiham irəli sürülüb.
Hüquq müdafiəçiləri Samir Aşurovu “siyasi məhbus” kimi tanıyıblar və hesab edirlər ki, təqibin əsl səbəbi onun insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında iştirak etməsidir.
Gununsesi.info