Füzuli camaatı dövlət və ordu naminə birliyə çağırdı

Füzuli camaatı dövlət və ordu naminə birliyə çağırdı

İyulun 12-dən cəbhənin Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən təxribatlar törədilir. Dövlət sərhədinə yaxın yerləşən kəndlərimiz  atəşə tutulur, nəticədə dinc əhaliyə, mülki sakinlərə ciddi ziyan dəyib. Dərhal adekvat tədbirlər həyata keçirilib və düşmən bu dəfə də öz layiqli cavabını alıb. Həm hərbi texnika, həm də canlı qüvvə baxımından böyük itkilər verən erməni təxribatçıları geri çəkilməyə məcbur olublar.

Budəfəki  döyüşlərdə də şəhidlərimiz, itkilərimiz oldu. Torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canından keçməyə hazır olan qəhrəman müdafiəçilərimiz  növbəti dəfə şəhidlik zirvəsini fəth etdilər.

Son 3 gündə cəbhədə baş verən hadisələr Azərbaycan ordusunun öz torpaqlarını qorumaq gücündə, Azərbaycan dövlətinin isə  öz ordusu və xalqı ilə sıx vəhdətdə olduğunu  bir daha sübut etdi.

Azərbaycan ordusunun iki mühüm qələbəsi olan – “Horadiz əməliyyatı” və “Aprel zəfəri” məhz Füzuli istsiqamətində reallaşıb, Füzuli torpaqlarında qazanılıb. Ulu öndər Heydər Əliyevin “ qəhrəman camaat ” adlandırdığı füzulililər müharibənin ağrı- acısını dadmış, yurd itkisinin niskilini yaşamış, şəhid, itkin verməyin, əsir düşməyin ağırlığını öz çiyinlərində daşımağı bacarmışlar.

Bütün bunlarla yanaşı, qələbələrimizdə öz payı olan füzulililər daim dövlətə və dövlətçiliyə sadiq olmuş, həmişə dövlətimiz və ordumuzla sıx birlik nümayiş etdiriblər. 

“Eyni zamanda, hər zaman dövlətimizin diqqət və qayğısını yaxından hiss etmiş, cəbhə bölgəsində yaşamağımıza baxmayaraq, daim arxayınlıq, əminlik, rahtlıq, güvən və etibar əhatəsində olmuşuq. Prezident İlham Əliyevin “Ermənistanın paytaxtı İrəvandan daha abad, daha gözəl şəhər” adlandırdığı Horadiz bu gün düşmənlə üz –üzə olmasına baxmayaraq infrastruktur layihələri, təmizliyi, yaşıllığı, abadlığı ilə göz oxşayır. Rayonun işğaldan azad edilmiş ərazilərində həm dövlətimiz, həm də Heydər Əliyev Fondu tərəfindən görülən işlər, yaradılan şərait füzulililərə olan diqqətin və qayğının nəticəsidir. Bütün füzulililər adından  bu göstərilən diqqətə və qayğıya görə həm ölkə başçımız cənab İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk”,-deyə Füzuli ictimaiyyəti bəyan edib.

“Bu gün biz füzulililər bir daha öz dövlətimiz və öz ordumuzla birlikdə olduğumuzu qətiyyətlə bəyan edirik. Lazım gələrsə, torpaqlarımızın işğaldan azad edilməsində hər birimiz bir əsgər olaraq döyüşlərə atılmağa, müqəddəs torpaqlarımızın hər qarışı üçün canımızdan belə keçməyə hazırıq. Bir sözlə füzulililər daim dövlətimiz və ordumuzla birlikdədir!”.

Gununsesi.org

COMMENTS