Fransanın başı dərddə: Sinaqoqların divarlarında antisemit yazılar artdı

Fransanın baş dərddədir. İsrail-HƏMAS qarşıdurması Fransada yaşayan ərəblərlə yəhudiləri üz-üzə qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Fransada 7 milyona yaxın ərəblə yanaşı, Avropada ən böyük 500 minlik yəhudi diasporu mövcuddur.

“Fransada son günlər sinaqoqların divarlarında antisemit yazılar artıb. Yəhudilər Fransada hücuma məruz qalacaqlarından narahatdırlar. Ermənilərin dərdini çəkən Fransa yaxın müddətdə ölkədəki yəhudilərlə ərəbləri bir-birindən necə ayıracağını düşünmək məcburiyyətindədir, – deyə o bildirib.

Oktyabrın 7-də səhər saatlarında İzzəddin əl-Qəssam briqadasının HƏMAS hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.

Öz növbəsində İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək Qəzza zolağına hücumlara başladığını elan edib.

Qəzzanın Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 140-ı uşaq, 105-i qadın olmaqla 687 nəfərin həlak olduğu, 3726 nəfərin isə yaralandığı  bildirib.

Bundan əlavə, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrailin atdığı atəş nəticəsində 15 fələstinli həlak olub.

İsrail mediası həmçinin 800-dən çox israillinin öldüyünü və 2300-dən çoxunun yaralandığını bildirib.

Səid Əhmədli
Gununsesi.info