
Səfərbərlikdən, hərbi xidmətdən yayınan və ya ordunu tərk edən Rusiya vətəndaşları Fransada sığınacaq almaq hüququna malikdirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə Qaçqınların işi üzrə Fransa Milli Məhkəməsi qərar verib.
Məhkəmə qərarında qeyd olunur ki, prezident Vladimir Putinin elan etdiyi səfərbərlik “qismən” deyil, “geniş” xarakter alıb və hazırda Rusiya ordusuna çağırışdan imtina etmək praktiki olaraq mümkün deyil.
Eyni zamanda, səfərbərlik və ya hərbi xidmətə çağırış haqqında sənəd almadan sadəcə ehtiyatda olma faktı sığınacaq almaq üçün kifayət qədər əsas sayılmayacaq.
Fransa məhkəməsinin qərarı alınan çağırışa görə qaçqın statusu tələb edən rusiyalı Maqomedrasul Yusupovun işi ilə bağlıdır. Məlum qərardan əvvəl Fransanın qaçqınların müdafiəsi departamenti onun tələbini rədd edərək, Rusiyada səfərbərliyin guya başa çatdığını bildirmişdi.
Rəsmi məlumatlara görə, ötən ilin sentyabrından Putinin elan etdiyi qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 330 mindən çox rusiyalı hərbi xidmətə çağırılıb. Oktyabrın sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu səfərbərliyin başa çatması barədə məlumat verib. Bundan sonra Putin də onun başa çatdığını elan edib, lakin müvafiq fərmanı imzalamayıb. Beləliklə, Rusiyada rəsmi səfərbərlik icrasını davam etdirir.
Gununsesi.info