Tarixçi deputat Ali Attestasiya Komissiyasından yazdı

Ali Attestasiya Komissiyası haqqında düşüncələrim

Cəmiyyətin hər bir üzvünün vətəndaş mövqeyi var. Mən də bir ziyalı kimi vətəndaş mövqeyimi bölüşmək istəyirəm. Yazdıqlarım ehtimallara əsaslanmır, çünki uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Tarix və Antropologiya üzrə Ekspert Şurasının sədriyəm. Mənim yazdıqlarım kimi isə müdafiə etmək, kimi isə haqsız çıxarmaq niyyəti daşımır. Ekspertin sədri kimi hər gün üzləşdiyim və şahidi olduğum bu məsələlərə aydınlıq gətirmək istəyirəm. Bu yazdıqlarım çoxsaylı seçicilərimə hesabatım kimi də qəbul edilə bilər.

Otuz ildən artıqdır ki, Ali Attestasiya Komissiyası fəaliyyət göstərir. Uğurları olduğu kimi , çatışmazlıqlarl və nöqsanları da olub. İş olan yerdə nöqsan da olur. Bunu inkar etmək fikrindən uzağam.

Mən tarix və antropologiya ixtisası üzrə Ekspert Şurasının fəaliyyətindən danışmaq istəyirəm. Təbi ki, bu yazdıqlarım digər ekspert şuralarına da aiddir. Şura Azərbaycanın təcrübəli, ədalətli və nəfsinə hakim tarixçilərindən təşkil olunur. Həm də necə? Ekspert Şurası Ali Attestasiya Komissiyasının rəhbərliyi, bu sahəyə məsul şöbə və Ali Attestasiya Komissiyanın Rəyasət Heyəti tərəfindən təsdiq olunduqdan sonra fəaliyyətə başlayır. Şuranın işi nədən ibarətdir? Məlum olduğu kimi elmi iş kafedralarda və şöbələrdə təsdiq olunur, elmi rəhbər müəyyən olunur, doktorant hər il attestasiyadan keçir, iş yekunlaşır, elmi rəhbər müsbət rəyini yazır, elmi iş müzakirə olunur, müdafiəyə təqdim olunur, seminar işi müzakirə edir, iş müdafiəyə buraxılır, dissertasiya şurası işə opponentlər təyin edir və nəhayət iş müdafiə olunur. Müdafiədən sonra dissertasiya işi Ali Attestasiya Komissiyasına göndərilir. Dissertasiya işi müvafiq şöbələrdə yoxlandıqdan sonra ekspert şurasına verilir. İş dövr və ixtisas üzrə ekspertin bir neçə üzvünə rəyə verilir. Ekspertin rəyinə qədər hansı problemlər ortaya çıxa bilir? İşdə plagiatlıq müəyyən olunanda və ya nüfuzlu jurnalda ( Ali Attestasiya Komissiyasının tələblərində bütün jurnallar göstərilib) məqalə dərc edilməyəndə və s. Sizcə, əgər iddiacı dissertasiya işində köçürməyə yol veribsə və ya yazdığı məqalələr tələbləri ödəmirsə, AAK nə etməlidir? Ekspert Şurası fəlsəfə doktoru və elmlər doktoru işlərinə baxır, rəy yazır və iddiaçı Şuranın iclasına dəvət olunur. Ona dissertasiya işinin aktuallığı, öyrənilmə səviyyəsi, elmi yeniliyi və gəldiyi nəticə haqqında 10-12 dəqiqə məlumat vermək xahiş olunur. Əgər iddiaçı qeyd etdiyim məsələlərə münasibət bildirə bilmirsə, sizcə, ekspert şurası nə etməlidir? Bununla da iş bitmir. Ekspertin üzvləri növbə ilə iddiaçıya dissertasiya işindən suallar verirlər. Bəzən elə iddiaçı olur ki, məsələ qısa zamanda həll olunur. Çünki ilk andan dissertantın hazırlığı görünür və ona əlavə vaxt sərf etməyə ehtiyac hiss olunmur. Amma elələri də olur ki, dissertasiya işinin adını deməkdə çətinlik çəkir. Buna nə ad vermək olar? Mövzu aktual , iddiaçı hazırlıqlı , verilən suallara cavablar dürüst olanda ekspert işə gizli səsvermə yolu ilə baxır və AAK-ın kollegiyasına tövsiyə olunur. Bir halda ki, mətbuatda Ali Attestasiya Komissiyası haqqında hamı ustədiyini yazır, əsl həqiqət də yazılmalıdır. Mənim dediklərimə şübhəsi olanlara müraciət edib deyirəm, bizdən narazı olanlardan kimi isə danışdırın, inanmıram ki, kimsə desin ki, mənə qarşı ədalərsizlik oldu. Çünki hətta narazı qalan iddiaçı ikinci dəfə, bəzən üçüncü dəfə də ekspert şurasına dəvət olunur.Mən sual edirəm, əgər iddiaçı yuxarıda qeyd etdiyim mərhələdə işi dürüst şəkildə yerinə yetiribsə, onun ekspert şurasında nə problemi ola bilər? Yox, əgər iddiaçının işi yarıtmazdırsa, bəs ona dur komandasını kim verməlidir? Bəziləri iddia edir ki, Ali Attestasiya Komissiyasına ehtiyac yoxdur, ləğv olunmalıdır. İşin içində olan heç bir ziyalı bu iddia ilə çıxış edə bilməz. Kimsənin kimdənsə şəxsi narazılığı ola bilər, kimə isə istinadən yanlış fikir söyləyə bilər. Amma Ali Attestasiya Komissiyası dövlət başçısının iradəsi ilə fəaliyyət göstərir, bu orqana məsul olan şəxslər var.

Mən əminəm , bu yazımdan sonra digər Ekspert Şuralarının rəhbərləri də bu məsələyə münasibət bildirəcəklər. Ancaq mən çox istəyirəm ki, tarix və antropologiya üzrə fəlsəfə doktoru, elmlər doktoru, dosent və professor elmi adı alanlar şahidi olduqlarını cəmiyyətə çatdırsınlar. Çünki onlar bu yolu keçiblər, onların yazdıqlarını elm camiəsi ədalətli hesab etməlidir.

Ali Attestasiya Komissiyası Azərbaycanın dövlət struklarından biridir. Bu orqanın son illərdəki uğurlarını heç kim inkar edə bilməz. Bu orqan qapalı sayılsa da, amma cəmiyyətin üzünə açıqdır. Son illərdə müdafiə olunan işlər, təsdiqini alan və imtina olunan işlər haqqında ətraflı məlumat verilir.

Bəs bu işlər haqqında niyə yazılmır? Əgər Ali Attestasiya Komissiyasının fəaliyyəti haqqında yazmaq istəyiriksə, ədalətimizə və təcrübəmizə istinad etsək, qazanan Azərbaycan olacaq.

Anar İsgəndərov
Milli Məclisin deputatı