
Ermənistanın müxalifət təmsilçiləri baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edərkən, irəli sürdükləri arqumentlərlə özlərini dolaşdırırlar.
Misal üçün, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan Paşinyanı 1991-ci il Alma-Ata bəyannaməsini tez-tez hallandırmaqla sənədlə manipulyasiyada ittiham edib:
“Paşinyan iddia edir ki, Levon Ter-Petrosyan 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Paşinyan Levon Ter-Petrosyanın həmin illərdə verdiyi müsahibəsinə istinad edərək, birinci prezidentin Dağlıq Qarabağa Azərbaycan tərkibində geniş muxtariyyətə razılaşdığını bildirib. Bunlar yalandır. Levon Ter-Petrosyan ərazi bütövlüklərinin keçmiş muxtariyyətlərə dəxli olmadan bəyanatı imzalayıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Zurabyan yalan danışdığını sonrakı cümləsində etiraf edib: “Levon Ter-Petrosyan 1992-ci ildə Rusiyanın “Komsomolskaya qazeta” nəşrinə verdiyi müsahibədə yüksək muxtariyyətin Dağlıq Qarabağa və Azərbaycana faydalı olduğunu bildirmişdi. Ancaq bu müsahibədən 2 ay sonra “erməni ordusu” Şuşanı “azad” etdi. Bu əməliyyat Ermənistan hakimiyyəti ilə razılaşdırılmışdı. Levon Ter-Petrosyan müsahibəsiylə əməliyyatın informasiya dəstəyini gücləndirmişdi”.
Politoloqun sözlərinə görə, Zurabyan bu açqılaması ilə baş nazir Nikol Paşinyanı deyil, öz lideri Levon Ter-Petrosyanı zərbə altına qoyur. “Çünki Levon Ter-Petrosyan Şuşanın işğalından iki ay əvvəl hansı məntiqlə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla separatçılara informasiya dəstəyi verib?
İkincisi, Şuşanın işğalından bir gün əvvəl Levon Ter-Petrosyan hanı məntiqlə Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı Tehranda Azərbaycanla sazişə imza atıb?
Zurabyanın məntiqi ilə çıxış etsək, Levon Ter-Petrosyan Tehrandakı sazişi də Şuşanın işğalından “diqqəti yayındırmaq” üçün imzalamışdı. Əslində, separatçılar Levon Ter-Petrosyanla deyil, Rusiyadakı mərkəzlərin təlimatıyla hərəkət edirdilər. Əks halda həmin separatçılar Levon Ter-Petrosyanı devirib Ermənistana da nəzarəti ələ keçirməzdilər”, – deyə o bildirib.
Arzu
Gununsesi.info