
Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Əliyev Taleh Saleh oğlunun nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.
Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra onun Gödəkqobu kənd qəbiristanlığında dəfn olunacağı nəzərdə tutulur.
Ətraflı
Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.
Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar. Onlara şəhid statusu veriləcək. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.
***
Hərbçi Taleh Əliyev Zərdab rayonunun Gödəkqobu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.






