Ələsgər Məmmədlinin səhhətində problem yaranıb

“Ələsgər bəylə 5-6 dəqiqəlik telefonla danışdım. Səhətində yaxşılığa doğru dəyişiklik yoxdur. Nəfəs almaqda çətinliyi davam edir. Gecə normal yata bilmir. Uzanıqlı halda boğulma hissi yaranır. Qan təzyiqi normadan yüksəkdir. Səsində problem yaranıb. Bir cümləlik nitqində bir neçə dəfə udqunur”.

Gununsesi.info bildirir ki, bunu hazırda həbsdə olan media eksperti Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli deyib.

Onun sözlərinə görə, qardaşının boğazındakı şişin-qalxanabənzər vəzin iynə biopsoyası üçün şərait yaradılmır:

“10 gündən çoxdur təcridxanada müayinə və qan analizləri götürülsə də hələ nəticəsi nə özünə nə də vəkilinə təqdim olunub. Əvvəlki müalicəsi bitib, yenisini isə bu səbəbdən başlaya bilmirik.
Ələsgər bəyin ciddi müalicəyə ehtiyacı olmasına baxmayaraq dəlilsiz, sübutsuz həbsdə saxlanılır. Sanki girovluqdadır. Onu özəl yaxud dövlət klinikalarında öz vəsaitimiz hesabına müayinə, müalicə və əməliyyat etdirməklə bağlı müraciətimiz cavabsız qalıb. Dövlət orqanlarının bir işıqlı insana, aydına, xüsusilə də təqsirsiz insana qarşı bu zülmkar münasibəti yolverilməzdir.
Ələsgər bəy dostlarına, tanışlarına, onu dəstəkləyənlərə salam və təşəkkürünü bildirdi. Təcridxanada iki ay ərzində 20 irihəcmli yeni kitab oxuyub”.

Gununsesi.info