Ehud Olmert İsrailin tanınmış siyasətçilərindən sayılır. 2006-cı ilin aprelindən 2009-cu ilin martına qədər o, ölkənin baş naziri olub.
Gununsesi.org xəbər verir ki, bu günlərdə keçmiş baş nazir Almaniyanın “Handelsblatt” qəzetinə müsahibə verərək Donald Trampın Yaxın Şərq planı, özünün bu məsələ ətrafındakı təcrübə və düşüncələrini paylaşıb.
Ehud Olmert Fələstin dövlət başçısı Mahmud Abbasın ABŞ prezidentinin “Əsrin sazişi”ni qəbul etməməsində heç bir təəccüblü bir şeyin olmadığını deyib.
“Mənim rəhbərliyim altındakı İsrail hökuməti Mahmud Abbasa və fələstinlilərə daha cazibəli və rasional görünən proqram təklif etmişdi. İndi bu təkliflə razılaşmayan ondan daha betərinə necə müsbət cavab versin?”, – deyə israilli siyasətçi qeyd edib.
“Mənim təklifim 1967-ci ilin sərhədlərinə geri çəkilməyi nəzərdə tuturdu. Qalan müddəalar isə Donald Trampın sazişindəki bir çox elementləri özündə birləşdirirdi. ABŞ prezidenti kimi mən də Şərqi Qüdsün Fələstin paytaxtı olmasını təklif etdim. Müqəddəs məkanların yer aldığı köhnə şəhərin isə beynəlxalq nəzarətdə qamasını istədim. Əgər bu gün həmin planı Mahmud Abbasın qarşısına qoysalar o, dərhal qəbul edər. Çünki qaçqınların indiki şəraitdə İsrailə geri dönməsinin mümkün olmadığını da bilir. Ona görə də ona simvolik qərar lazımdır”,- deyə Ehud Olmert bildirib.
Keçmiş baş nazirin sözlərinə görə, İsrail İordan çayının qərb sahilindən getsə, daha işğalçı kimi tanınmayacaq və dünya fələstinlilərin problemi ilə az maraqlanacaq. Bu gün onları gündəmdə saxlayan İsrailin işğalı altında yaşamalarıdır. Əlbəttə biz tarixi səbəblərdən dolayı İudeya və Samariya kimi anlayışlara həssasıq. Lakin artıq 50 ildir əlimizdə silahla yaşayırıq. Bu isə gərginlik doğurur və həmin səbəbdən dünya fələstinlilərlə maraqlanır”,-deyə Ehud Olmert vurğulayıb.
Ehud Olmertin fikrincə, hazırkı baş nazir Benyamin Netanyahu ümumiyyətlə sülh istəmir. “Sülh istəyən adam yeni məskənlər inşa etməz. Üstəlik o, Mahmud Abbasla da son 10 ildə bir və ya iki dəfə görüşüb. Mən isə 3 illik iqtidarım dövründə Fələstin lideri ilə tam 36 dəfə görüşmüşəm”,-deyə o bildirib.
İsrail hökumətini keçmiş başçısı qarşıdan gələn seçkilərə də toxunub: “Bibi (Benyamin Netanyahunun İsraildəki ləqəbi) artıq tarixə qovuşur. O, öz-özünü tükədib. Netanyahunun martın 2-də keçiriləcək seçkilərdə qalib gəlmək və baş nazir olmaq şansı yoxdur”.
Gununsesi.org
COMMENTS