“Deyin ki, bacarıqsız fəaliyyətimiz nəticəsində primitiv iqtisadi model yaranıb” -NATİQ CƏFƏRLİ

“2019-cu ildən etibarən elektrik mühərrikli avtomobillərin idxalı, 2022-ci ildən isə həm idxalı, həm də satışı ƏDV-dən azad edilib. Hibrid mühərrikli avtomobillər üçün də 2022-ci ildən başlayaraq 4 il müddətinə ƏDV güzəşti tətbiq olunur”. 

 

Gununsesi.info xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “APA-Economics”ə müsahibəsində bildirib.

 

O, qeyd edib ki, bu güzəştlər elektrik və hibrid nəqliyyat vasitələrinə olan marağı artıraraq ölkənin avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib. Eyni zamanda, 2023-cü ildən yerli avtomobil istehsalı ilə məşğul olan şəxslər də vergidən azad edilib.

 

İqtisadçı Natiq Cəfərli məsələyə belə reaksiya verib:

 

“Rəsmən dolayıblar insanları, hansı yerli avtomobil, hansı istehsal? Azərbaycanda avtomobil istehsalı yoxdur, “vintaçanla” yığım var, o da ki, benzinlə işləyən avtomobillərdir, hardadı o yerli istehsal olan elektik və hibrid maşınlar?

 

Hökumət, ümumiyyətlə, “istehsal” nəyə deyir, necə görür? Məsələn, Türkiyədə 13 avtomobil istehsalı zavodu var (Renault, Ford, FIAT, Hyundai, Toyota və s.), onların detallarının 35-45% arası elə Türkiyədə istehsal olunur, avtomobil istehsalının yan sənayesi yaranıb, yan sənayedə onminlərlə iş yeri açlılıb, ümumiyyətlə isə Türkiyə avtomobil sənayesində 410 min insan çalışır.

 

Budur, yoxsa təkcə təkərinin havası yerli olan vintaçanla maşın yığırlar, o da satılmır, yığılan maşınların yarıdan çoxunun “müştərisi” dövlət-hökumət orqanları, yəni, büdcədir, adına da “istehsal” qoyurlar.

 

Bu qədər də olmaz da, deyin ki, bacarıqsız fəaliyyətimiz nəticəsində primitiv iqtisadi model yaranıb, indi gəlirlər azalır, biz də vergi-rüsum-cərimələri artırırıq ki, büdcədə yaranmış problemləri həll edək – belə deyin, daha səmimi görünəcəksiniz, hər açıqlamalarınız da bu qədər etiraz doğurmaz”.

 

Xatırladaq ki, gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalı və satışına ƏDV tətbiq ediləcək.

 

 

Afət

Gununsesi.info